Azərbaycanda noyabrın 15-dən etibarən istilik mövsümü başlasa da, bəzi ərazilərdə binalara istiliyin verilməsi hələ də təmin edilməyib.
Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə (055-224-12-12) sakinlərdən şikayət daxil olub.
Belə ki, Bakı şəhəri, 4-cü mikrorayon, Cavadxan küçəsi, 68 ünvanında yaşayan sakinlər binaya indiyədək istilik verilmədiyini bildiriblər. Onların sözlərinə görə, noyabrın 21-də aidiyyəti qurum tərəfindən magistral xətdə axıntı olduğu və problemin qısa müddətdə aradan qaldırılacağı barədə açıqlama verilsə də, indiyədək istilik təchizatı bərpa olunmayıb.
Oxşar şikayəti Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 33B ünvanında yerləşən 12 mərtəbəli binanın sakinləri də ediblər. Onlar bildiriblər ki, noyabrın 15-dən binalar qızdırılmır, istilik məntəqəsindəki iki nasosdan yalnız biri işləyir, sistemdə təzyiq isə 0.8 atmosfer təşkil edir. Sakinlər normal istilik təchizatı üçün təzyiqin 5 atmosferə çatmalı olduğunu deyirlər.
Qeyd olunub ki, aidiyyəti üzrə müraciət etsələr də problem həll olunmayıb.
Həmçinin Bakı şəhəri, Gəncə prospekti, 49 ünvanında istiliyin olmaması sakinlərin narazılığına səbəb olub. Vətəndaşların sözlərinə görə, ərazidə istilik sistemi sökülərək başqa yerdə yenidən qurulur. Lakin işlər yekunlaşmadığından binaya istilik verilmir. Onlar bildiriblər ki, işçilər əraziyə gəlsələr də, cəmi bir-iki saat işləyib gedirlər.
Problemlə bağlı Yevlaxda da narazılıq var. Belə ki, 32-ci məhəllədə keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulan qəsəbədəki 10 binadan dördünə istilik verilmir. Binaların sakinləri kommunal xidmətlər üzrə borclarının olmadığını qeyd ediblər.
Gəncə şəhər internat tipli xarici dillər təmayüllü gimnaziya da istiliksiz qalıb. Valideynlərin sözlərinə görə, müəssisənin dərs otaqlarında və yataqxanasında istilik sistemi olmadığı üçün övladları çətinlik çəkirlər.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.