Layihələndirmə normalarının şamil edildiyi bütün heyvandarlıq və quşçuluq binaları ventilyasiya sistemi ilə təchiz edilməlidir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, havalandırma ilə tələb olunan temperaturu və digər mikroiqlim göstəricilərini təmin etmək mümkün olmadıqda, texnoloji tələblərə uyğun olaraq heyvan və quşların saxlandığı yerlərdə kondisionerdən istifadəyə yol verilir.
Havalandırma layihəsində temperaturun, nisbi rütubətin, havanın hərəkət sürətinin və qaz tərkibinin, eləcə də havanın toz və bakteriyalarla çirklənmə səviyyəsinin nəzərə alınması tələb edilir.
Binanın isidilməsinə və ya soyudulmasına ehtiyac hesablanarkən isə heyvan və quşlardan ayrılan istilik, rütubət və qazlar, işləyən avadanlıqdan və günəşdən yaranan istilik, həmçinin binanın istilik itkiləri nəzərə alınmalıdır. Hesablamaya heyvan və quşlar böyüdükcə bu göstəricilərdə baş verən dəyişikliklər də daxil edilməlidir.
Donuzların və quşların saxlandığı yerlərdə minimum hava mübadiləsi həcminin azı 50 faizi aşağı zonadan sorulmalıdır. İribuynuzlu heyvanlar barmaqlıqlı döşəmədə saxlanıldıqda və döşəmənin altında peyin zirzəmisi olduqda, zirzəmi və peyin kanallarından minimum hava mübadiləsi həcminin azı 30 faizini sora bilən qurğu nəzərdə tutulmalıdır.
Qoyun tövlələrində ilin keçid dövründə, mülayim hava şəraitində minimum hava mübadiləsinin 50 faizədək hissəsi pəncərəaltı ventilyatorlarla aşağı zonadan həyata keçirilməlidir. Binada ayrılan istilik bu sahədə itkiləri ödəmədikdə isə məcburi ventilyasiya ilə birləşdirilmiş hava ilə isitmə sistemi nəzərdə tutulmalıdır.