Deputat Vasif Qafarov Milli Məclisdə müzakirələr zamanı iribuynuzlu heyvandarlıqda subsidiyadan yararlanmaq üçün qoyulan 50 baş cins və ya 100 baş mələz tələbinin ləğvini təklif edib.
O, bunun əvəzinə kəndlini həvəsləndirən, stimullaşdırıcı, pilləli sistem tətbiq olunmasının gərəkdiyini bildirib:
"Belə ki, 10 başa qədər iribuynuzlu cins heyvanı olana hər başa görə 300 manat, 10-30 baş cins heyvanı olana hər başa görə 500 manat, 30 başdan yuxarı cins heyvanı olana isə hər başa görə 1 000 manat verilsin. Hesab edirəm ki, bu yanaşma iribuynuzlu cins heyvandarlıqla məşğul olan bütün fermerlərin subsidiyadan yararlanmasını təmin edəcək və sağlam rəqabət mühiti yaradacaq. Eyni zamanda, xırdabuynuzlu heyvandarlıq sahəsində subsidiyadan yararlanmaq üçün qoyulan 100 hektar örüş tələbi də ləğv edilməli və 500 baş heyvan şərti isə real rəqəmlərə - ən azı 10-20 başa qədər endirilməlidir".
Deputatın sözlərinə görə, mövcud yanaşma heyvandarlıqla məşğul olan kiçik və orta kəndli təsərrüfatlarını tamamilə subsidiyadan kənarda qoyur:
"Dövlət dəstəyi faktiki olaraq yalnız iri aqroparklara və böyük biznesə yönəlir. Belə çıxır ki, dövlət dəstəyini ona ən çox möhtac olan kəndli deyil, böyük biznes subyektləri alacaqdır. Qənaətimə görə, bu, yanlış və ədalətsiz yanaşmadır, dövlət başçısının kəndlinin kəndə bağlanmasını təşviq edən strateji xəttinə ziddir".
Maraqlıdır, təklif olunan dəyişikliklər fermerlərə və ölkədə ət istehsalına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədov qeyd edib ki, heyvandarlığın inkişafı ilə bağlı mövcud subsidiya qaydaları reallığı əks etdirmir.

O, deputatın təklifləri ilə tam razı olduğunu bildirib:
"Lakin bu məsələyə xeyli əlavələr edilməlidir. Heyvandarlığın inkişafı, mayalanma, balanın yetişməsi, doğulması və böyüdülməsi təxminən 24 ay vaxt aparır. İlk növbədə bu amil nəzərə alınmalıdır. Hər sahənin özünəməxsus xüsusiyyətləri var.
İkinci mühüm məsələ ölkəmizdə iribuynuzlu heyvanların cins tərkibinin çox pis vəziyyətdə olmasıdır. Cəmi 100 min baş mələz, 50 min baş cins mal-qara var. Qalanlarının hamısı yerli, azməhsuldar cinslərdir. Bu cins heyvanlara subsidiya 5 min manat olsa belə, bunun heç bir faydası olmayacaq. Çünki onların süd verimi 7 litr, ət verimi isə 250 kiloqramdır ki, bu da çox aşağı göstəricidir".
Ekspertin sözlərinə görə, bu məsələyə tamamilə fərqli yanaşmaq, sahəni dərindən öyrənərək rayonların, kəndlərin təbii-iqlim şəraitini və yem bazasını nəzərə almaqla qərarlar qəbul etmək lazımdır:
"2030-cu ilə qədər müəyyən edilmiş hədəflərə təkcə subsidiya verməklə nail olmaq mümkün deyil. Yalnız 50 baş cins, 100 baş mələz iribuynuzlu, 500 baş xırdabuynuzlu heyvanı və 100 hektar torpağı olan təsərrüfatlara subsidiya verilməsi ilə bağlı yanaşma kökündən yanlışdır. Bunun heç bir səmərəsi olmayacaq. Belə davam edərsə, 2030-cu ildə quzu ətinin qiyməti 38 manata, mal ətinin qiyməti isə 30 manata çata bilər. Bu sahə çox dərindir və çoxşaxəlidir".