"İnnovativ suvarma sistemlərini tətbiq edən və dövlət tərəfindən müəyyən edilmiş su limitindən qənaətlə istifadə edən təsərrüfatlara güzəştli maliyyə stimullarının verilməsi təklif olunur".
Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov Milli Məclisin növbədənkənar sessiyasında "Balıqçılıq haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bu sahədə qanunvericilik bazası sərtləşdirilməlidir:
"Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"da müasir suvarma texnologiyalarının tətbiqi geniş yer tutur. Təklif edirəm ki, kənd təsərrüfatında sudan səmərəli istifadəni stimullaşdırmaq üçün "Diferensial Aqrar Su Subsidiyası" mexanizmi tətbiq edilsin. İnnovativ suvarma sistemlərini tətbiq edən və dövlət tərəfindən müəyyən edilmiş su limitindən qənaətlə istifadə edən təsərrüfatlara güzəştli maliyyə stimulları verilməli, bu sahədə qanunvericilik bazası sərtləşdirilməlidir. Həmçinin Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının böyük əksəriyyəti kiçik və orta ailə təsərrüfatlarıdır. Onların təkbaşına qlobal bazarlarla rəqabət aparması, logistika və emal zəncirinə daxil olması qeyri-mümkündür. Biz kooperasiya haqqında qanunvericiliyin yaratdığı imkanlardan istifadə edərək, Dövlət Proqramı çərçivəsində "Regional Emal və Logistika Habları"nın qurulmasını sürətləndirməliyik. Fermer məhsulu sahədə deyil, yarımfabrikat və ya hazır məhsul kimi bu hab mərkəzlərində satmağa təşviq edilməlidir. Bu, həm regionlarda məşğulluğu artıracaq, həm də daxili dəyər zəncirini möhkəmləndirəcək".
Deputat vurğulayıb ki, digər vacib məsələ aqrar innovasiyaların transferi və insan kapitalının inkişafıdır:
"Yüksək texnologiyaların, süni intellekt əsaslı aqronomluq proqramlarının kəndə inteqrasiyası üçün kadr potensialı həlledici faktordur. Dövlət Proqramında elmi potensialın artırılması nəzərdə tutulsa da, bu biliklərin birbaşa tarlaya ötürülməsi üçün "Dövlət Aqrar Konsaltinq Şəbəkəsi" institusional bir quruluş kimi fəaliyyət göstərməlidir. Regionlardakı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) funksionallığı artırılmalı, onlar təkcə sənəd qəbulu deyil, həm də fermerə rəqəmsal savadlılıq aşılayan innovasiya mərkəzlərinə çevrilməlidir".