Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib.
Oxu.Az xəbər verir ki, yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.
Şuranın qərarı ilə taxıl əkinləri üzrə subsidiya məbləğləri suvarma üsulu və istehsalın ixtisaslaşması nəzərə alınmaqla diferensiallaşdırılıb.
Belə ki, Dövlət Proqramına əsasən 22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə ənənəvi suvarma və ya dəmyə üsulu ilə aparılan əkinlərdən 2 dəfə artıq, 400 AZN/ha subsidiya ödəniləcək. Ənənəvi suvarma və dəmyə əkini altında olan taxıl sahələri üzrə əkin subsidiyası 200 AZN/ha olaraq müəyyən edilib.
Bundan əlavə, müasir suvarma altında olan sahələrdə hər hektara ödənilən əkin subsidiyası kartof və tərəvəzlə yanaşı noxud, lobya və digər paxlalılar üçün 500 manata, bostan bitkiləri üçün isə 310 manata çatdırılıb.
Dağlıq rayonlarda, habelə Naxçıvanda aparılan kartof və tərəvəz əkinlərinə ödənilən subsidiya müasir suvarma ilə təmin edilən sahələr üçün hər hektarda 600 manata, digərlər sahələr üçün isə 400 manata çatdırılır.
Həmçinin lazer hamarlama texnologiyasının tətbiqinə də yeni subsidiya veriləcək.
Torpaq və su resurslarından daha səmərəli istifadə etmək məqsədilə lazer hamarlama texnologiyasından istifadə edən fermerlərə daha artıq subsidiya tətbiq ediləcək. Bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkinindən əvvəl sahədə lazer hamarlama tətbiqinin ilk ilində əkin subsidiyası 250 AZN/ha artırılaraq ödəniləcək.
Pambıqçılıq rayonlarında azı 5 hektar pambıq əkinindən əvvəl lazer hamarlama tətbiqinin ilk ilində məhsul subsidiyası 50 AZN/ton artırılaraq ödəniləcək.
Lazer hamarlama aparılan sahələr Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan ediləcək, sahənin monitorinqində rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.
Bundan başqa, digər istiqamətlər aşağıdakılardır:
- İstixanalar: əkin subsidiyası texnologiyadan asılı olaraq 500-5 000 manat/ha olacaq. 4-cü nəsil şüşə istixanalarına 5 000, polikarbonata 3 000, yüksək keyfiyyətli polietilenə 2 500 manat/ha veriləcək.
- Yeni bitkilər: aroniya bağlarına 7 500 manat/ha, açıq sahədə qızılgülə 6 000 manat/ha subsidiya nəzərdə tutulur.
- Butik şərabçılıq: 5-20 ha super-intensiv üzüm bağlarına 20 000, intensiv bağlara 10 000 manat/ha subsidiya veriləcək. 2030-cu ilədək 20 butik şərab evi yaradılması hədəflənir.
- Bağçılıq: sertifikatlı ting tələbi saxlanılır, EC və virus analizləri tələb olunmayacaq. İntensiv zeytun bağlarında minimum sahə 50 hektardan 5 hektara, Naxçıvanda isə 1 hektara endirilir. Püstədə yüksəklik həddi 1 000 metrədək artırılır.
- Pambıq: subsidiya suvarmadan asılı olaraq 200-300 manat/ton olacaq. Damcı suvarmada 300 manat/ton veriləcək.
- Emal məhsulları: texniki üzüm və xurmaya 50, zeytuna və taxta qabıqlı badama 30, qızılgülə 100, biyan və pivəlik arpaya 10 və 50 manat/ton subsidiya veriləcək. Lazer hamarlama ilə istehsal edilən buğdaya 40, Naxçıvanda 50 manat/ton ödəniləcək.
- Toxumçuluq: yerli super-elit buğda və arpa toxumçularına 470, xarici mənşəli toxumçuluğa 300 manat/ha əlavə əkin subsidiyası veriləcək. Sertifikatlı toxum tələbi 5 hektara endirilir.
- Beynəlxalq sertifikatlar: Global G.A.P., FSSC 22000, HACCP, GRASP, BRCGS, FSMA və orqanik sertifikatların alınmasına 7 000-36 000 manat, saxlanılmasına illik 10% dəstək veriləcək.
- Avans subsidiya: uyğun fermerlər əkin subsidiyasının 30%-ni əvvəlcədən ala biləcəklər. Mexanizm 5-100 ha sahəsi və fermer reytinqi 30-dan yüksək olan təsərrüfatlara şamil ediləcək.
- Sığorta: buğda, arpa, çəltik, qarğıdalı və günəbaxan üzrə sığorta tələbi 7 ha-dan başlayacaq. Yeni bağlar isə ən azı 3 il sığortalanmalıdır.
- Texnika və suvarma: bəzi texnika, günəş panelləri və avadanlıqlar üzrə güzəşt 50%-dək, yerli damcı suvarma sistemlərində 60%, kiçik şərabçılıq avadanlıqlarında 60%, istixana avadanlıqlarında 20% olacaq.
- Sərhədyanı ərazilər: subsidiya əmsalına əlavə 0,5 bənd veriləcək.
- Balıqçılıq: qızılbalıqkimilər və nərəkimilərə 2 000, çəkikimilər və naxakimilərə 600 manat/ton subsidiya tətbiq ediləcək.
- Naxçıvanda yumurta: hər 1 000 ədəd süfrəlik yumurtaya 30 manat subsidiya veriləcək.
- Süd: emal müəssisəsinə təhvil verilən soyudulmuş xam süd üçün 7 qəpik/litr (70 manat/ton), kooperativlərdə isə əlavə 20% subsidiya veriləcək.
- "Qarabağ" və "Dilbaz" atları: yaş və cinsdən asılı olaraq 600-1 000 manat/baş illik subsidiya nəzərdə tutulur.
- İribuynuzlu heyvandarlıq: yeni intensiv təsərrüfatlarda subsidiya 1 000-1 500 manat/baş, mövcud təsərrüfatlarda 200-800 manat/baş/il olacaq.
- Xırdabuynuzlu heyvanlar: ən azı 100 ha örüş və 500 baş heyvanı olan təsərrüfatlara 4 manat/baş subsidiya veriləcək.
- Ət, dəri və yun: 600 kq və daha ağır iribuynuzlu heyvanların hər kq diri çəkisinə 0.4 manat, dərilər üzrə 0.3-3 manat/ədəd, yuna 0.3 manat/kq subsidiya veriləcək.
- Süni mayalanma: alınan buzovun növündən asılı olaraq subsidiya 50-250 manat olacaq.