İspaniya La Liqasının XIV turunda Madridin "Real" və "Alaves" komandaları üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçirilən qarşılaşma qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün baş hakimi Sesar Soto Qrado olub.
Matçın 22-ci dəqiqəsində "Alaves"in hücumçusu Toni Martines hesabı açıb. 61-ci dəqiqədə müdafiəçi Anhel Peres qonaqların üstünlüyünü ikiqat artırıb. 69-cu dəqiqədə isə "Real"ın hücumçusu Kilian Mbappe hesab arasındakı fərqi minimuma endirib.
Görüşün 88-ci dəqiqəsində Madrid təmsilçisinin yarımmüdafiəçisi Cud Bellinqem simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Beləliklə, qarşılaşma "Alaves"in 1:2 hesablı səfər qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra 14 oyunda 33 xal toplayan "Real" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Alaves" isə 19 xalla doqquzuncu pillədə yer alıb.
Növbəti turda "Real" dekabrın 2-də səfərdə "Real Sosyedad"la, "Alaves" isə dekabrın 4-də doğma meydanda "Espanyol"la qarşılaşacaq.