UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Real Madrid" Niderlandın PSV komandası ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçirilən görüş ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 37-ci dəqiqəsində PSV-nin futbolçusu İvan Perişiç penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. İkinci hissədə isə "Real Madrid" oyunun gedişini dəyişməyi bacarıb. 52-ci dəqiqədə Federiko Valverde Arda Gülerin ötürməsindən sonra hesabı bərabərləşdirib.
62-ci dəqiqədə Cud Bellinqem Madrid təmsilçisini hesabda önə keçirib. Cəmi iki dəqiqə sonra Kilian Mbappe Arda Gülerin daha bir məhsuldar ötürməsindən sonra fərqi artırıb. 80-ci dəqiqədə Mbappe dublunu rəsmiləşdirib. Matçda son nöqtəni isə 87-ci dəqiqədə Vinisius Junior qoyub - 5:1.
Bu qələbədən sonra "Real Madrid" topladığı 15 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Aktivində dörd xal olan Eyndhoven təmsilçisi isə 27-ci yerdədir.