Braziliyalı futbolçu Neymar idmandan kənarda da öz biznes imperiyasını genişləndirir. Ulduz futbolçu "Club de Nuit" və "Odyssey" ətirləri ilə tanınan BƏƏ-nin "Armaf" parfümeriya brendi ilə qlobal tərəfdaşlıq müqaviləsi imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə brendin "Instagram" səhifəsindəki paylaşımda bildirilib.
Əməkdaşlığın əsas nəticəsi 2027-ci ildə satışa çıxarılması planlaşdırılan yeni ətir olacaq.
Neymar yalnız reklam kampaniyasının siması olmayacaq, həm də yeni ətirin yaradılmasında iştirak edəcək. Hələlik ətirin adı, tərkibi və qiyməti məlum deyil. Tərəfdaşlığın maliyyə şərtləri də açıqlanmır.
Bu, futbolçunun ətir sənayesində ilk təcrübəsi deyil. 2019-cu ildə o, "Diesel" şirkəti ilə birlikdə "Spirit of the Brave" adlı kişi parfümünün yaradılmasında iştirak edib. Bir il sonra isə onun "Spirit of the Brave Intense" versiyası təqdim olunub.
Bundan əlavə, Neymar Yaxın Şərqin parfümeriya brendi "Ibrahim Al-Qurashi" ilə də əməkdaşlıq edir. 2024-cü ildə o, "Brazilian Tobacco" ətirinin siması olub.