"Santos"un 34 yaşlı hücumçusu Neymar Braziliya A Seriyasında növbəti üç oyunu buraxacaq.
Oxu.Az bu barədə "Globo"ya istinadən xəbər verir.
Braziliya Ali İdman Məhkəməsinin İntizam Komitəsi təcrübəli futbolçunu "Baiya" ilə keçirilən oyundakı (1:1) insidentə görə iki matçlıq diskvalifikasiya edib.
Neymar oyunun fasiləsində rəqib yarımmüdafiəçi Rodriqo Nestorla mübahisə edərkən əli ilə ağzını örtdüyünə görə ("Vinisius qaydası") birbaşa qırmızı vərəqə almışdı.
Bununla yanaşı, hücumçu "Baiya" ilə matçın ilk hissəsində cari mövsümdə 9-cu sarı vərəqəsini aldığı üçün sarı vərəqə limitini aşaraq avtomatik olaraq daha biroyunluq cəzalı vəziyyətə düşüb.
Bununla da ulduz futbolçu "Santos"un çempionat çərçivəsində keçirəcəyi "Palmeyras", "Red Bull Braqantino" və "Kuritiba" ilə vacib qarşılaşmalarında komandasına kömək edə bilməyəcək.