"Köhnə telefonu şarj cihazına qoşduğunuz zaman onun yanma ehtimalı var. Bunun əsas səbəbi elektronikanın nasazlığı və batareyanın zədələnməsidir".
Oxu.Az xəbər verir ki, bunu Rusiya mətbuatına telefon təmiri üzrə mütəxəssis Mixail İsrapilov deyib.
"Batareya daim köhnəlir. Heç bir istifadə olmasa belə, onun daxilində kimyəvi reaksiyalar gedir. Məhz buna görə istehsalçılar smartfon və poverbankları müəyyən enerji ehtiyatı ilə satırlar. Mexaniki zədə almasa da, zaman keçdikcə akkumulyator yararsız hala düşür", - deyə rusiyalı ekspert qeyd edib.
Köhnə cihazı enerji yığmağa qoymaq mütləq şəkildə yanğınla nəticələnməyə bilər. Lakin cihazın ana platasındakı nasazlıqlar bu cür halların baş verməsinə gətirib çıxara bilər.
"Ən yaxşı halda telefonun enerjisini 60-80% civarında saxlamaq lazımdır. Cihazı quru, istilikdən və birbaşa günəş şüalarından uzaq yerdə saxlamaq tövsiyə olunur. Yay aylarında günəş telefonu həddindən artıq qızdıra bilər", - deyə mütəxəssis bildirib.