Hindistanın Bihar ştatını təmsil edən deputat Anant Sinqh qızı Şivanqi Sinqhin toy mərasiminə 400 min qonaq dəvət edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Mərasim noyabrın 25-də Nadavan kəndində baş tutub. Tədbirin miqyası bölgənin logistikasına ciddi təsir göstərib: insan axını ətraf yollarda hərəkəti tamamilə iflic edib. Dəvət olunan siyasətçilərdən biri avtomobillə keçə bilmədiyi üçün məclisə tarlaların içi ilə traktorla gəlməli olub.
Ərazidə baş verənləri izləmək istəyən tamaşaçılar isə ağaclara və elektrik dirəklərinə dırmaşıblar. Yüksəkvəzifəli qonaqlar üçün kənd ərazisində beş helikopter meydançası inşa edilib. Gəlin Şivanqi Sinqh mərasimə BMW markalı avtomobillə gəlib, bəy Rişikeş Kumarı isə 151 maşından ibarət kortej müşayiət edib.
Proqrama 200 atın iştirakı ilə yarışın da daxil edilməsi planlaşdırılsa da, 100 min tamaşaçının toplaşması səbəbindən yarış təxirə salınıb.
Məlumata görə, Anant Sinqh şənliyə yalnız həmkarlarını və sənətçiləri deyil, həm də ətraf kəndlərin sakinlərini çağırıb.
Qeyd edək ki, siyasətçi qalmaqallı fəaliyyəti ilə tanınır: onun barəsində qətl və adam oğurluğu ittihamları da daxil olmaqla, ümumilikdə 28 cinayət işi açılıb. Sinqh isə öz növbəsində irəli sürülən ittihamları rədd edir.