Hindistanda küçə iti onu hər gün qidalandıran kişinin dəfn mərasiminə gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
Hindistanın Sehor şəhərində 75 yaşlı Mohanlal Raykvarın dəfn mərasimində qeyri-adi iştirakçı diqqət çəkib. "Kalu" ləqəbli sahibsiz it mərhumun qohumları və tanışları ilə birlikdə kremasiya mərasiminin keçiriləcəyi yerə gedib.
O, dəfn kortejindən geri qalmayıb və mərasimin sonuna qədər insanların yanında olub.
Uzun illər bankda çalışan Raykvar təqaüdə çıxdıqdan sonra Mandi bölgəsində yaşayıb. "Kalu" da həmin ərazidə məskunlaşıb. Bir çox yerli sakin iti tanıyır və vaxtaşırı ona yemək verirdi. Lakin Raykvar onu hər gün yedizdirirdi. O, heyvanla danışır, onu adı ilə çağırırdı. "Kalu" isə tədricən ona qayğı göstərən kişiyə öyrəşmişdi.
Ötən həftə təqaüdçü vəfat etdikdə it gözlənilmədən onu son mənzilə yola salanların arasında peyda olub. O, Vişram-Qhat kremasiya meydançasına gedən insanları müşayiət edib. İt bütün yol boyu insanlardan geri qalmayıb və onlar mənzil başına çatdıqdan sonra da heç yerə getməyib.
Daha sonra mərhumun qohumları və tanışları Raykvarın xatirəsini anmaq üçün toplaşdıqda "Kalu" da onların arasında əyləşib. İt hətta mərhumun xatirəsinə həsr olunmuş iki dəqiqəlik sükut zamanı belə yerindən tərpənməyib.