"Mecum" hərrac evi 2004-cü il istehsalı olan nadir "Porsche Carrera GT" superkarının 2027-ci il yanvarın 16-da keçiriləcək hərracda satışa çıxarılacağını açıqlayıb.
Oxu.Az hərrac evinin saytına istinadən xəbər verir ki, bu modeldən cəmi 1 270 ədəd istehsal olunub.
Avtomobil "Formula-1" üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer üçün sifariş edilib. Həmin dövrdə "Ferrari" komandasında çıxış edən pilot müqaviləsindəki məhdudiyyətlərdən yan keçmək üçün fərqli üsula əl atmalı olub.
2004-cü ildə Şumaxer yeddinci dünya çempionluğuna doğru irəliləyirdi. İtaliya komandası ilə imzaladığı müqavilə onun şəxsi istifadəsi üçün avtomobil seçimini məhdudlaşdırırdı. Belə ki, pilot yalnız "Ferrari"nin də daxil olduğu "Fiat" konserninə məxsus markaların avtomobillərinə sahib ola bilərdi.
"Ferrari Enzo" modelinin birbaşa rəqibi olan "Porsche Carrera GT" isə bu siyahıya daxil deyildi. Buna görə də avtomobil Şumaxer üçün sifariş edilsə də, onun meneceri Villi Veberin adına rəsmiləşdirilib. Pilot özü də bu avtomobildən istifadə edib.
Avtomobilin Şumaxerlə əlaqəsini təsdiqləyən bir sıra detallar da qorunub saxlanılıb. Superkarın arxa hissəsində pilotun ad və soyadının baş hərflərindən (MS) ibarət vinil emblem, avtomobilin komplektinə daxil olan istifadə təlimatında isə onun yarış dəbilqəsinin təsviri yer alıb.
"Porsche Carrera GT" 605 at gücünə malik 5,7 litrlik atmosfer tipli V10 mühərriki və altıpilləli mexaniki sürətlər qutusu ilə təchiz olunub. Hərraca çıxarılacaq avtomobilin yürüşü təxminən 14 min kilometrdir.