2025-ci ildə piyada əleyhinə minalar və partlamamış sursatlar nəticəsində ölən və yaralanan insanların sayı 2020-ci ildən bəri ən yüksək həddə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Piyada Əleyhinə Minaların Qadağan Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICBL) dərc etdiyi "Landmine Monitor 2026" adlı illik hesabatda bildirilib.
Hesabata əsasən, 2025-ci ildə minalar və digər partlayıcı sursatlarla təmas nəticəsində azı 6 929 nəfər ölüb və ya yaralanıb. Bu göstərici əvvəlki illə müqayisədə 10% artıb. Onlardan təxminən 2 mini həyatını itirib.
Ölən və yaralananların əksəriyyətini (84%-ni) mülki şəxslər təşkil edib. Yaşı məlum olan qurbanların isə təxminən yarısı uşaqlardır.
2025-ci ildə mina partlayışları nəticəsində ölüm və yaralanma halları 54 ölkə və ərazidə qeydə alınıb. Ən çox qurban Myanmada (1 891 nəfər) qeydə alınıb. İkinci yerdə isə 1 602 nəfərlə Suriya qərarlaşıb.