Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən şəxslərin dərman preparatları, insulin, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı, eləcə də onlara göstərilən illik tibbi yardımın həcmi ilə bağlı qaydalar dəyişdirilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, şəkərli diabet xəstələrinin həkim konsultasiyasından keçmə dövriliyi, insulin və şəkərsalıcı dərmanlarla təminat normaları, qanda şəkərin səviyyəsini ölçən cihazların verilməsi, uşaqların insulin pompaları və davamlı qlükoza monitorinqi cihazları ilə təminatı, həmçinin pulsuz dərmanların alınması mexanizmi yenilənib.
Şəkərli diabet xəstələri hansı müddətlərdə həkim müayinəsindən keçəcəklər?
Dəyişikliyə əsasən, birinci tip şəkərli diabet xəstələri və ikinci tip şəkərli diabetdən əziyyət çəkən, insulinə ehtiyacı olmayan şəxslər üç ayda bir dəfə endokrinoloq konsultasiyasından keçəcəklər.
İkinci tip şəkərli diabetdən əziyyət çəkən və insulinə ehtiyacı olan şəxslər üçün isə ayda bir dəfə endokrinoloq konsultasiyası nəzərdə tutulub.
Əvvəlki qaydalara əsasən, birinci tip şəkərli diabet xəstələri ayda bir dəfə, ikinci tip şəkərli diabetdən əziyyət çəkən və insulinə ehtiyacı olmayan şəxslər isə iki ayda bir dəfə endokrinoloq konsultasiyasından keçirdilər.
Bundan başqa, şəkərli diabet xəstələrinə göstərilən illik tibbi yardımın siyahısına ümumi cərrah konsultasiyası əlavə edilib. Diabetin hər iki tipindən əziyyət çəkən şəxslər üçün ildə bir dəfə ümumi cərrah konsultasiyası nəzərdə tutulub.
Xəstələrə nə qədər insulin veriləcək?
Qərarla şəkərli diabet xəstələrinin insulinlə təminat normaları da yenilənib.
Birinci tip şəkərli diabet xəstələri həkim təyinatına və klinik göstərişlərə əsasən gündə 80 vahidədək insulinlə təmin ediləcəklər.
Pubertat, yəni cinsi yetişkənlik dövründə olan uşaqlar üçün isə tələbatdan asılı olaraq gündə 100 vahidədək insulin nəzərdə tutulub.
İkinci tip şəkərli diabetdən əziyyət çəkən və insulinə ehtiyacı olan şəxslər üçün kombinə edilmiş terapiya zamanı gündə 40 vahid, həkim təyinatına və klinik göstərişlərə əsasən isə gündə 80 vahidədək insulin müəyyən edilib.
İkinci tip şəkərli diabetdən əziyyət çəkən və insulinə ehtiyacı olmayan şəxslərin insulinlə təminatı nəzərdə tutulmur.
Sənəddə insulin təminatının bazal insulin üzrə 40 və ya 50 faiz, bolyus insulin üzrə isə ehtiyaca uyğun olaraq 50 və ya 60 faiz təşkil etməsi göstərilib.
Qərarda xüsusi olaraq vurğulanıb ki, birinci tip şəkərli diabet xəstələrinin insulinə olan gündəlik tələbatı sabit deyil. Bu tələbat xəstənin yaşından, bədən çəkisindən, böyümə mərhələsindən, hormonal dəyişikliklərdən və qlükoza göstəricilərindən birbaşa asılı olaraq dəyişir.
Sənədə əsasən, müasir tibbi yanaşmalara uyğun olaraq insulin terapiyası fərdiləşdirilməli (1-2 vahid/kq), yalnız həkim təyinatına və klinik göstərişlərə əsasən tənzimlənməlidir.
Şəkərsalıcı dərmanlarla təminat necə həyata keçiriləcək?
Yeni qərarla şəkərsalıcı həblərin siyahısı və onların verilmə normaları da yenilənib.
Siyahıya aşağıdakı dərman qrupları daxil edilib:
- Sulfanilsidik cövhəri törəmələri;
- Biquanidlər;
- SGLT-2 inhibitorları;
- Kombinə edilmiş preparatlar.
İkinci tip şəkərli diabetdən əziyyət çəkən və insulinə ehtiyacı olmayan şəxslər üçün gündə üç həbədək şəkərsalıcı dərman nəzərdə tutulub.
İkinci tip şəkərli diabetdən əziyyət çəkən və insulinə ehtiyacı olan şəxslər isə gündə iki həb hesabı ilə ildə 730 həb şəkərsalıcı dərmanla təmin ediləcəklər.
Birinci tip şəkərli diabet xəstələrinin sözügedən həblərlə təminatı nəzərdə tutulmur.
GLP-1 reseptor aqonistləri də təminat siyahısına daxil edilib
Qərarla şəkərsalıcı dərman preparatlarının təminat siyahısına GLP-1 reseptor aqonistləri də daxil edilib.
İkinci tip şəkərli diabetdən əziyyət çəkən və insulinə ehtiyacı olmayan şəxslərə bu preparatlar endokrin sistem xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası üzrə ixtisaslaşmış dövlət tibb müəssisələrinin rəyi əsasında, həkim təyinatına və klinik göstərişlərə uyğun olaraq veriləcək.
İkinci tip şəkərli diabetdən əziyyət çəkən və insulinə ehtiyacı olan şəxslərin bu preparatlarla təminatı isə həkim təyinatına və klinik göstərişlərə əsasən həyata keçiriləcək.
Birinci tip şəkərli diabet xəstələrinin bu dərmanlarla təminatı nəzərdə tutulmur.
İnsulin şprisləri və insulin qələmləri üçün ucluqlar hansı miqdarda veriləcək?
Qərarla birdəfəlik insulin şprislərinin və insulin qələmləri üçün ucluqların illik təminat normaları da müəyyənləşdirilib.
Birinci tip şəkərli diabet xəstələri üçün aşağıdakı təminat normaları nəzərdə tutulub:
- İnsan insulini alan şəxslərə ildə 144 ədəd birdəfəlik insulin şprisi;
- Yetkin şəxslərə ildə 365 ədəd insulin qələmi ucluğu;
- 0-18 yaşlı uşaqlara ildə 730 ədəd insulin qələmi ucluğu.
Beləliklə, insulin qələmindən istifadə edən birinci tip şəkərli diabetli uşaqlar üçün illik təminat norması gündə orta hesabla iki ucluğa, yetkin şəxslər üçün isə bir ucluğa uyğun gəlir.
İkinci tip şəkərli diabetdən əziyyət çəkən və insulinə ehtiyacı olan şəxslər üçün ildə 144 ədəd birdəfəlik insulin şprisi və insulin qələmləri üçün 365 ədəd ucluq nəzərdə tutulub.
İnsulinə ehtiyacı olmayan ikinci tip şəkərli diabet xəstələrinin bu vasitələrlə təminatı nəzərdə tutulmayıb.
Şəkərölçən cihazlar üç ildən bir yenilənəcək
Qərarla şəkərli diabet xəstələrinin özünənəzarət vasitələri ilə təminatına dair normalar da yeni redaksiyada təsdiqlənib.
Bundan sonra şəkərli diabet xəstələrinin hər üç kateqoriyası üç ildə bir dəfə qlükometrlə - qanda şəkərin səviyyəsini ölçən cihazla təmin ediləcək.
Qlükometrlər istifadə müddətinə uyğun olaraq üç ildən bir yenilənməlidir.
Yeni verilmiş cihazın istifadəsi zamanı nasazlıq yaranarsa, məsələ həmin cihazı təqdim edən tibb müəssisəsi tərəfindən araşdırılmalı və cihaz yenisi ilə əvəz edilməlidir.
Qanda şəkərin səviyyəsini ölçmək üçün nə qədər test-strip veriləcək?
Qərara əsasən, hər qutusunda 50 ədəd test-strip olan özünənəzarət vasitələri ilə təminat aşağıdakı qaydada həyata keçiriləcək:
- Birinci tip şəkərli diabet xəstələrinə ayda bir qutu - ildə 600 ədəd;
- İkinci tip şəkərli diabetdən əziyyət çəkən və insulinə ehtiyacı olmayan şəxslərə iki ayda bir qutu - ildə 300 ədəd;
- İkinci tip şəkərli diabetdən əziyyət çəkən və insulinə ehtiyacı olan şəxslərə ayda bir qutu - ildə 600 ədəd.
Şəkərli diabetdən əziyyət çəkən uşaqlara xüsusi sensorlar veriləcək
Qərarın mühüm yeniliklərindən biri birinci tip şəkərli diabetdən əziyyət çəkən uşaqların davamlı qlükoza monitorinqi cihazları (CGM) ilə təmin edilməsidir.
Cihazın istifadəsinə rəsmi olaraq icazə verilən yaş həddindən asılı olaraq, 3-18 yaşlı birinci tip şəkərli diabet xəstələri ayda iki sensorla təmin ediləcəklər.
Bu isə ildə 24 sensor deməkdir.
Davamlı qlükoza monitorinqi cihazları orqanizmdə qlükozanın səviyyəsinin mütəmadi izlənilməsinə və onun gün ərzində necə dəyişdiyinin müəyyən edilməsinə imkan verən özünənəzarət vasitələridir.
İkinci tip şəkərli diabet xəstələrinin bu cihazlarla təminatı nəzərdə tutulmur.
Yeddi yaşadək uşaqlar insulin pompası ilə təmin ediləcəklər
Yeni qərara əsasən, birinci tip şəkərli diabetdən əziyyət çəkən və aşağı dozada insulinə ehtiyacı olan 0-7 yaşlı uşaqlar həkim təyinatı əsasında insulin pompası ilə təmin ediləcəklər.
İnsulin pompası insulinin orqanizmə yeridilməsini təmin edən xüsusi tibbi cihazdır.
Bununla yanaşı, dövlət tərəfindən insulin pompası ilə təmin edilmiş birinci tip şəkərli diabet xəstələrinin həmin cihaz üçün zəruri sərf materialları ilə təmin edilməsi də nəzərdə tutulub.
İkinci tip şəkərli diabet xəstələrinin insulin pompası və onun sərf materialları ilə təminatı nəzərdə tutulmayıb.
Şəkərli diabet xəstələrinin uçota alınması qaydası yenilənib
Qərarla şəkərli diabet xəstələrinin uçota alınması ilə bağlı müddəalara da dəyişiklik edilib.
Belə ki, şəkərli diabetdən əziyyət çəkən şəxslər yaşadıqları ərazi üzrə müalicə-profilaktika müəssisəsinin (ərazi poliklinikasının) endokrinoloji kabinetində və ya endokrin sistem xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası üzrə ixtisaslaşmış dövlət tibb müəssisələrində, yəni endokrinoloji mərkəzlərdə uçota alınacaqlar.
Pulsuz dərmanlar elektron resept əsasında veriləcək
Şəkərli diabet xəstələrinin insulin, digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün reseptlərin yazılması qaydası da dəyişdirilib.
Əvvəlki qaydalara əsasən, xəstələrə uçotda olduqları müalicə-profilaktika müəssisəsi tərəfindən iki nüsxədə resept yazılırdı.
Yeni qaydalara əsasən isə reseptlər elektron sənəd formasında tərtib ediləcək.
Resept xəstənin yaşadığı ərazi üzrə müalicə-profilaktika müəssisəsinin - ərazi poliklinikasının və ya rayon xəstəxanasının ailə həkimi (sahə həkimi-terapevt və ya sahə həkimi-pediatr) tərəfindən yazılacaq.
Ailə həkimi resepti endokrinoloqun təyin etdiyi müalicə sxeminə uyğun olaraq ayda bir dəfə elektron formada tərtib edəcək.
Beləliklə, dərmanların və digər tibbi vasitələrin alınması üçün aylıq elektron reseptin tərtib edilməsi ailə həkimi tərəfindən həyata keçiriləcək.
Xəstənin səhhətində dəyişiklik olarsa, nə ediləcək?
Qərarla təminat qaydasına yeni müddəa da əlavə edilib.
Belə ki, resept tərtib edilərkən şəkərli diabet xəstəsinin sağlamlıq vəziyyətində dəyişiklik aşkarlanarsa və ya xəstənin hər hansı şikayəti olarsa, ailə həkimi (sahə həkimi-terapevt və ya sahə həkimi-pediatr) həmin şəxsi ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün endokrinoloqa göndərəcək.
Xəstələr dərmanları haradan alacaqlar?
Şəkərli diabet xəstələrinin insulin, digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təmin edildikləri apteklərlə bağlı qaydalar da dəyişdirilib.
Əvvəlki qaydalara əsasən, bu təminat müalicə-profilaktika müəssisəsinin müqavilə bağladığı aptek vasitəsilə həyata keçirilirdisə, yeni qaydalara əsasən, dərmanlar və digər tibbi vasitələr aşağıdakı məntəqələrdən veriləcək:
- Endokrinoloji mərkəzlərin aptek bölmələrindən;
- Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müəyyən etdiyi siyahıya daxil olan dövlət tibb müəssisələrində təşkil edilmiş aptek məntəqələrindən.
Təminat resept əsasında həyata keçiriləcək.
Şəkərli diabet xəstələrinin pulsuz dərmanlarla təminatının maliyyələşdirmə mənbəyi dəyişib
Nazirlər Kabinetinin qərarı ilə şəkərli diabet xəstələrinə pulsuz verilən insulin, digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələrinin dəyərinin ödənilməsi mənbəyi də dəyişdirilib.
Əvvəllər bu xərclər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilirdi.
Yeni qaydaya əsasən isə həmin xərclər "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına ödəniləcək.
Beləliklə, qərarla şəkərli diabet xəstələrinin pulsuz dərman və tibbi vasitələrlə təminatının maliyyələşdirmə mənbəyi dəyişdirilməklə yanaşı, elektron resept mexanizminin tətbiqi, uşaqların müasir özünənəzarət cihazları və insulin pompaları ilə təmin edilməsi, dərman preparatlarının siyahısının və təminat normalarının yenilənməsi nəzərdə tutulub.