Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Həmin ərazilərdə soydaşlarımızın izlərini silmək istəsələr də, oradakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
"Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və "Kuzari" təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə qədər kənd üzrə foto və videomateriallar toplanıb. Həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar mərhələli şəkildə kənd-kənd təqdim ediləcək.
Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Kiçik Ayrım kəndi haqqındadır.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.
Kənd sovet dövründə salınıb və Allahverdi rayonunun tərkibində olub. Rayon sonradan Tumanyan adlandırılıb.

1920-ci illərin ortalarına qədər kəndin əhalisi qonşu Böyük Ayrımın əhalisi ilə birlikdə hesaba alınıb. Ayrı yaşayış məntəqəsi kimi Kiçik Ayrım statistik mənbələrdə 1926-cı ildən qeyd olunmağa başlayır.
Erməni mənbələrinin məlumatlarına görə, 1980-ci illərin sonlarına qədər müxtəlif vaxtlarda kəndin ərazisində yalnız və ya, əsasən, azərbaycanlılar yaşayıblar.

Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 88 nəfər yaşayıb.
1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 154 nəfər yaşayıb.
Manvelyan A.P., Martirosyan G.M. 1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi:
1959-cu ildə kənddə 234 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:
1970-ci ildə kənddə 420 nəfər yaşayıb.
1979-cu ildə kənddə 388 nəfər yaşayıb.
1989-cu ildə kənddə 91 nəfər yaşayıb.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
Azərbaycanlıların qovulmasından sonra kəndin ərazisinə ermənilər yerləşdiriliblər.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə məzar daşlarının bir hissəsinin salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib. Məzar daşlarının bəziləri təhqir olunub.

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 9 ayrıca mənbədən istifadə edilib. Onların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Ovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, İnqala kəndi ilə bağlı 37 vizual material yerləşdirilib.
Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.