Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, oradakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
"Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və "Kuzari" təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə qədər kənd üzrə foto və videomateriallar toplanıb. Həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar mərhələli şəkildə kənd-kənd təqdim ediləcək.
Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Şor-Əli kəndi haqqındadır.

Çar dövrünün mənbələrində kəndə əvvəl Şor Əli, sonra isə Nadejdino adı ilə rast gəlinir. Sovet dövründə kənd Şorja adını alıb.
2017-ci ildə Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Şoğakat qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.
XVIII əsrin ortasından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.

1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub.
1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Şor Əli kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 140 nəfər yaşayıb.
XIX əsrin ortalarında yerli türk əhali çar hakimiyyəti tərəfindən kənddən çıxarılıb. Bu yerdə Nadejdino kəndi yaradılıb və orada Rusiya imperiyasının daxili quberniyalarından olan malakanlar yerləşiblər.

Qafqaz haqqında məlumat toplusu:
1873-cü ildə kənddə hamısı rus olmaqla 311 nəfər yaşayıb.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
1886-cı ildə kənddə hamısı rus olmaqla 226 nəfər yaşayıb.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bundan sonra azərbaycanlılar tədricən kəndə qayıtmağa başlayıblar.
Sovet dövründə kənd əvvəl Dilican, sonra isə Krasnoselsk rayonlarının tərkiblərində olub.
Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar.

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1922-ci ildə kənddə 500 nəfər yaşayıb, onlardan 6 nəfəri azərbaycanlı olub.
1926-cı ildə kənddə 469 nəfər yaşayıb, onlardan 31 nəfəri azərbaycanlı olub.
1931-ci ildə kənddə 446 nəfər yaşayıb, onlardan 42 nəfəri azərbaycanlı olub.
1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə kəndin azərbaycanlı sakinlərinin bir hissəsi zorla Azərbaycan SSR-in ərazisinə köçürülüb.
Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi:
1959-cu ildə kənddə 738 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:

1970-ci ildə kənddə 894 nəfər yaşayıb.
1979-cu ildə kənddə 956 nəfər yaşayıb.
1989-cu ildə kənddə 410 nəfər yaşayıb.
1980-ci illərin sonunda ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kəndin ərazisində bir hissəsinin salamat qaldığı onlarla məzar daşları olan azərbaycanlı qəbiristanlığı aşkar edilib. Bəzi məzar daşları 1980-ci illərin ikinci yarısına aiddir.
Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 17 ayrıca mənbədən istifadə edilib. Onların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Ovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Şor Əli kəndi ilə bağlı 29 vizual material yerləşdirilib.
Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.