Noyabrın 22-24-də Avropanın müxtəlif ölkələrindən ravvinləri bir araya gətirən Avropa Ravvinləri Konfransının (Conference of European Rabbis - CER) Daimi Komitəsinin növbəti iclası Fransanın Strasburq şəhərində keçirilib.
Təşkilatın ali rəhbər orqanı olan Daimi Komitə isə Konfransın fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir, strateji qərarların qəbulunda və təşkilatın gələcək fəaliyyətinin formalaşdırılmasında mühüm rol oynayır.
Oxu.Az xəbər verir ki, Bakı Sefarad Yəhudiləri Dini İcmasının rəhbəri, ravvin Zamir İsayev konfransın Daimi Komitəsinin üzvü kimi toplantıda Azərbaycanı təmsil edib.
Ravvin Zamir İsayev konfransın ilk günü ilə bağlı paylaşımında Avropanın yəhudi icmalarının qarşısında duran aktual məsələlərin, dini irsin qorunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin müzakirə olunduğunu bildirib.
O, Daimi Komitədə Azərbaycanı təmsil etməyin onun üçün böyük şərəf və məsuliyyət olduğunu vurğulayıb. Ravvin qeyd edib ki, bu platformada iştirak Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrini beynəlxalq səviyyədə tanıtmaq baxımından da mühüm fürsətdir.
Toplantının ikinci günü isə Avropa Parlamentinin Strasburqdakı binasında davam edib. İclasda Avropanın aparıcı ravvinləri ilə yanaşı, Avropa Parlamentinin və digər Avropa qurumlarının yüksək vəzifəli nümayəndələri də iştirak ediblər.
Görüşlərdə yəhudi icmalarının fəaliyyəti, dini azadlıqların qorunması, antisemitizmlə mübarizə və dinlərarası dialoqun inkişafı kimi məsələlər müzakirə olunub.
Ravvin Zamir İsayev ikinci günlə bağlı paylaşımında belə görüşlərin yəhudi icmaları arasında əməkdaşlığın möhkəmləndirilməsi və Azərbaycanın dini tolerantlıq təcrübəsinin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətini qeyd edib.
Konfrans çərçivəsində ravvin Zamir İsayev İsrailin Baş Sefarad Ravvini, Rişon LeTsion David Yoseflə də görüşüb. O, görüş barədə təəssüratlarını bölüşərək tanınmış dini liderlə söhbətini dəyərli təcrübə kimi qiymətləndirib.
"Yəhudi dünyasının nüfuzlu dini liderlərindən biri olan Rav David Yoseflə fikir mübadiləsi aparmaq mənim üçün olduqca xoş və dəyərli idi", - deyə ravvin Zamir İsayev bildirib.
O, David Yosefə səmimi söhbətinə və göstərdiyi diqqətə görə təşəkkür edib. Ravvinin sözlərinə görə, bu cür görüşlər Azərbaycan yəhudi icmasının beynəlxalq dini əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.