"Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələri, müharibə cinayətlərinə görə məsuliyyət və beynəlxalq münasibətlərdə ikili standartlar məsələsini yenidən gündəmə gətirdi. Dövlət başçısının Ermənistanın üç keçmiş prezidentinin və onların tərəfdarlarının məsuliyyəti məsələsinə toxunması mühüm siyasi mesajdır. Ermənistanın keçmiş rəhbərliyi işğalçılıq siyasətinə və azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyır".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, Ermənistanın 2018-ci ildən sonrakı rəhbərliyinin də sələflərinin siyasətini davam etdirməsi bu məsuliyyət məsələsini daha da aktuallaşdırır:
"Prezident İlham Əliyevin Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə prosesini Nürnberq tribunalı ilə müqayisə etməsi də təsadüfi deyil. Bu müqayisənin əsas mahiyyəti ağır cinayətlərə görə cəzasızlığa yol verilməməsi prinsipidir. Azərbaycanın haqlı tələbi ondan ibarətdir ki, tarixi ədalət ərazi bütövlüyünün bərpası ilə yanaşı, cinayətlərə görə fərdi məsuliyyətin müəyyənləşdirilməsi ilə də təmin olunmalıdır. Dövlət başçımızın Avropa Şurası və Avropa Parlamentini anaxronizm və atavizm nümunələri kimi xarakterizə etməsi isə beynəlxalq institutların fəaliyyətindəki ikili standartlara diqqəti yönəltməkdir. Azərbaycan uzun illər beynəlxalq hüququn selektiv tətbiqinin mənfi nəticələri ilə üzləşib".
"Cənab Prezidentin çıxışında xüsusi əhəmiyyət daşıyan digər məqam BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qərarlarının icra mexanizmlərinin yaradılması ilə bağlı çağırışdır. Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq qətnamələrin qəbul edilməsi ilə iş bitmir, onların icrası da mütləq təmin olunmalıdır. Əks halda, cəzasızlıq mühiti yeni münaqişələrə, separatizm kimi təhlükəli presedentə zəmin yaradır.
Odur ki, beynəlxalq hüquq bütün dövlətlər üçün eyni dərəcədə işləməli, ağır cinayətlərə görə məsuliyyət təmin edilməli, ədalət siyasi maraqların kölgəsində qalmamalıdır. Azərbaycanın tarixi təcrübəsindən irəli gələn bu çağırış bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyır", - deyə deputat əlavə edib.