"Rusiya diplomatik nümayəndəsinin Polşadan qovulması Moskva ilə əlaqələrin hərbi toqquşma həddinə qədər kəskinləşməsi riskini yaradır".
Oxu.Az-ın məlumatına görə, bunu Polşa Radiosuna müsahibəsində ölkənin milli müdafiə nazirinin müavini Stanislav Vzentek açıqlama verib.
Nazir müavininin sözlərinə görə, belə bir ssenaridə Kreml adekvat cavab addımları atacaq və Varşava öz səfirliyini bağlayaraq Rusiya daxilindəki proseslər barədə informasiya əldə etmək imkanını itirəcək.
Vzentek qeyd edib ki, diplomatik münasibətlərin dayandırılması yalnız ən ekstremal halda tətbiq edilməlidir.
Hökumət rəsmisi Rusiya raketlərinin Ukrayna səmasında zərərsizləşdirilməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, müvafiq addımın atılması üçün Şimali Atlantika Alyansı (NATO) səviyyəsində ortaq qərarın qəbulu vacibdir.
Vzentekin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Moskva ilə gərginliyin artmasına yol verməmək niyyətindədir. Eyni zamanda, Polşa Müdafiə Nazirliyinin rəsmisi Vaşinqtonun bu cür qərarların qarşısını aldığını iddia etmək üçün tez olduğunu düşünür. O vurğulayıb ki, Varşava özünün ən mühüm müttəfiqinin tutduğu mövqeyə diqqət yetirməyə məcburdur.
Xatırladaq ki, noyabrın 20-də Polşa rəhbərliyi hava məkanının pozulması barədə bəyanat yayıb. Bu hadisə Lyublin və Podkarpatsk voyevodalığı sakinlərinin hava həyəcanı siqnalları ilə oyanmasından sonra baş verib və hökumətin təhlükəsizlik mərkəzi hücum riski barədə xəbərdarlıq edib. Daha sonra mətbuatda Ukrayna sərhədindən 46 kilometr məsafədə yerləşən Novı-Lipovets kəndinə mənşəyi bilinməyən hava obyektinin düşməsi barədə məlumatlar dərc olunub. Qeyd edək ki, bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi ölkənin hava məkanının Rusiya tərəfindən pozulması səbəbindən rusiyalı səfir Georgi Mixnonu nazirliyə çağırıb.