ABŞ-li 58 yaşlı Molli Falko ona köçürülmüş genetik modifikasiya edilmiş donuz böyrəyi ilə heç bir ciddi fəsad yaşamadan bir il həyatını davam etdirib.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
"Bu tibbi uğur müxtəlif heyvan növlərindən insana orqan transplantasiyasının potensialını ön plana çıxarır. Donuz orqanlarından istifadə hələlik sınaq xarakteri daşıyır", - deyə məqalədə bildirilib.
Qeyd olunub ki, Nyu-Hempşir ştatının sakini, keçmiş baş aşpaz və iki uşaq anası bu növ funksional orqanla yaşama müddətinə görə də rekorda imza atıb. Falko özü etiraf edib ki, köçürülmüş orqanın fəaliyyətini davam etdirməsinə hər gün heyrətlənir.
"Mass General Brigham" tibb mərkəzində böyrək transplantasiyası üzrə tədqiqatın rəhbəri Leonardo Riella bildirib ki, köçürülmüş böyrək toksinləri orqanizmdən xaric edir, sidik ifrazını təmin edir, su-mineral balansını qoruyur. Onun sözlərinə görə, əldə olunan nəticə tədqiqatçıların bu cür orqanların tətbiqi imkanlarına inamını artırır.
Nəşrin məlumatına əsasən, donor böyrəyi çatışmazlığı fonunda bu nailiyyət mühüm əhəmiyyət kəsb edir. Statistikaya görə, ABŞ-də böyrək çatışmazlığından əziyyət çəkən yarım milyondan çox xəstə dializdən asılıdır, təxminən 90 min insan isə böyrək transplantasiyası gözləyir. Ötən il ölkədə 26 mindən az belə əməliyyat həyata keçirilib. Bundan əlavə, hər gün orta hesabla 12 xəstə transplantasiya növbəsi çatmadan həyatını itirir.