ABŞ-nin Hərb Nazirliyi pilotsuz uçuş aparatlarının (PUA), o cümlədən "Lucas" zərbə dronlarının istehsalını təşkil etmək məqsədilə "Ford" və "General Motors" (GM) kimi avtomobil nəhəngləri ilə danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon kəşfiyyat və zərbə təyinatlı dronların buraxılışı üçün avtomobil konsernlərinin istehsal xətlərindən istifadə etməyə çalışır.
Mənbələrin bildirdiyinə görə, ehtimal olunan razılaşma çərçivəsində şirkətlər ehtiyat hissələri tədarük edəcəklər. Belə ki, "General Motors" PUA-lar üçün mühərriklər istehsal edə bilər. Pentaqonun hesablamalarına əsasən, hərbi dron bazarı 20-30 milyard dollara çatır və bu rəqəm avtomobil istehsalçılarının marağına səbəb ola bilər.
Qəzet vurğulayır ki, hazırkı müzakirələr ilkin xarakter daşıyır və hələlik heç bir yekun razılaşma əldə olunmayıb. Mənbələrin sözlərinə görə, avtomobil sənayesinin reaksiyası birmənalı deyil, çünki belə bir layihənin onların profilinə uyğun gəlmədiyi və nüfuzlarına xələl gətirə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.
Xatırladaq ki, hələ iyun ayında ABŞ-nin "Lockheed Martin" şirkəti hərbi təyinatlı məhsulların birgə istehsalının qurulması sahəsində GM ilə qarşılıqlı anlaşma memorandumu imzalamışdı.