Kolumbiyanın şimalında yerləşən Kartagena şəhərində silahlı şəxslər supermarketin müştərilərini və əməkdaşlarını girov götürərək onların azad edilməsi müqabilində 7 milyard Kolumbiya pesosu (təxminən 2 milyon dollar) tələb ediblər.
Oxu.Az "El País" nəşrinə istinadən xəbər verir ki, hadisə "Paseo de la Castellana" ticarət mərkəzində baş verib.
Ehtimal olunur ki, silahlı şəxslər əvvəlcə inkassator avtomobilini qarət etməyi planlaşdırıblar. Hadisə sonradan insanların girov götürülməsi ilə nəticələnib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəlcə beş yaşlı qadını azad ediblər. Daha 25 nəfər isə girovluqda qalıb. Girovların azad edilməsi əməliyyatına polis, hərbi dəniz qüvvələri və dəniz piyadalarının bölmələri cəlb olunub.
Əməliyyat nəticəsində girovluqda qalan digər şəxslərin hamısı da azad edilib. Cinayətkarların saxlanılıb-saxlanılmadığı barədə hələlik məlumat verilməyib.