ABŞ-li tanınmış model Bella Hadid səhhətindəki problemlər səbəbindən özünə inamının azaldığını bildirib.
Oxu.Az xəbər verir ki, o, səhhətində yaranan problemlər barədə "Harper's BAZAAR" nəşrinə verdiyi son müsahibəsində danışıb.
Məlumata görə, 30 yaşlı model ona qoyulan diaqnozları sadalayaraq bu xəstəliklərin ümumi vəziyyətinə necə təsir etdiyini açıqlayıb.
Bella Hadidin sözlərinə görə, o, Laym xəstəliyi ilə yanaşı, postural ortostatik taxikardiya sindromu, premenstrual disforik pozuntu və endometriozdan əziyyət çəkir.
Model qeyd edib ki, oktyabrda "Victoria's Secret" brendinin dəb nümayişinin açılışından əvvəl məhz bu xəstəliklər səbəbindən özünü olduqca pis hiss edib.
"Ağciyərlərim, demək olar ki, işləmirdi, nəfəs ala bilmirdim, sadəcə, ürəyimdə "Beş, dörd..." deyə sayırdım. Bədənim gözlənilmədən bir vəziyyətdən digərinə keçir: gah özümü həqiqətən yaxşı hiss edirəm, gah da ən uyğunsuz anlarda hər şey alt-üst olur", - deyə model bildirib.
"Bəzən bədənim, sadəcə, beynimlə əlaqə qura bilmir. Beynim nəsə etmək istəyir, lakin bədənim "Xeyr, bu gün biz bunu edə bilmərik" cavabını verir. Mən də düşünürəm: "Yaxşı, əla. Başqa bir şey fikirləşərik". Amma güman edirəm ki, insanlar yorğunluq və bədən ağrıları ilə nə qədər çətin mübarizə apardığımı anlamırlar", - deyə model vurğulayıb.