Məşhur amerikalı müğənni Britni Spirs keçmiş sevgililərinə qarşı sərt ittihamlarla çıxış edib. O bildirib ki, birlikdə olduğu kişilər dəfələrlə ona xarici görünüşünü plastik cərrahiyyə vasitəsilə dəyişdirməyi məsləhət görüblər. 44 yaşlı ulduzun sözlərinə görə, partnyorları əsasən onun alnının böyüklüyündən narazı qalıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri sənətçinin şəxsi "Instagram" hesabındakı paylaşımına istinadla məlumat dərc edib.
Pop ulduzu paylaşımında öz xarici görünüşü haqqında fikirlərini ifadə edib.
"Mənim alnım doğrudan da çox böyükdür", - deyə Spirs vurğulayıb.
Sənətçi etiraf edib ki, münasibətdə olduğu demək olar bütün kişilər ona saç xəttini korreksiya etmək məqsədilə saç əkimi üçün plastik cərraha müraciət etməyi təklif ediblər. Bu cür iradlar müğənninin ciddi narazılığına səbəb olub. Müğənni keçmiş sevgililərinin adlarını açıqlamaqdan çəkinib.
Xatırladaq ki, məşhur müğənninin keçmiş sevgililəri arasında Castin Timberleyk, Kevin Federlayn və Sem Asqri kimi tanınmış simalar yer alır. Spirs Sem Asqari ilə 2022-ci ildə nikah masasına əyləşsə də, cəmi 14 ay sonra həyat yoldaşı boşanma tələbi ilə məhkəməyə müraciət edib. Cütlüyün yolları 2024-cü ildə rəsmən ayrılıb.