Fransa prokurorluğu aktyor Jerar Depardye, yazıçı Mişel Uelbek və rejissor Qiyom Nikluya qarşı 2018-ci ilin dekabrında "Talasso" filminin çəkilişləri zamanı baş verdiyi iddia edilən qrup halında təcavüz faktı ilə bağlı cinayət işi üzrə istintaqa başlayıb.
Oxu.Az bu barədə BFMTV telekanalına istinadən məlumat verir.
Bildirilir ki, istintaqa səbəb 12 may 2025-ci il tarixində bir qadının verdiyi şikayət ərizəsi olub. O iddia edib ki, 2018-ci ildə adıçəkilən filmin çəkilişlərində cinsi zorakılığa məruz qalıb və hadisədə hər iki şəxs iştirak edib. Onun sözlərinə görə, hotel otağındakı səhnələrdən biri çəkilərkən Jerar Depardye ona qarşı cinsi zorakılıq xarakterli hərəkətlər edib, Uelbek isə bu zaman qadını tutub saxlayıb. Yazıçı həmçinin cinsi təcavüz və əlbir olmaqda şübhəli bilinir.
Məlumata görə, 77 yaşlı Depardye qrup şəklində təcavüz və cinsi zorakılıqda, 70 yaşlı Uelbek cinsi qısnama və qrup şəklində təcavüzdə iştirakda, 60 yaşlı Qiyom Niklu isə bu cinayətlərdə və intim səhnələrin qanunsuz videoçəkilişində iştirakda ittiham olunurlar.
Polisə bununla bağlı müraciət filmdə rol alan Aleksandra adlı aktrisa tərəfindən altı il yarım sonra edilib. O iddia edir ki, çəkiliş zamanı sərxoş aktyorlar ssenaridən kənara çıxaraq, kamera qarşısında ona qarşı zorakılıq ediblər. Daha sonra susması qarşılığında gizli kompensasiya kimi ona 45 min avroluq üç müqavilə təklif ediblər, ardından videoların məhvinə dair arayış veriblər.
Xatırladaq ki, bu ay Jerar Depardye 2021-ci ildə çəkilmiş "Yaşıl Panjurlar" filminin çəkilişləri zamanı iki qadına qarşı cinsi zorakılıq işi üzrə apellyasiya şikayətindən imtina edib. O, təqsirini etiraf edərək, zərərçəkmişlərdən üzr istəyib və qeyd edib ki, heç vaxt qadınlara zərər vermək niyyətində olmayıb. 2025-ci ilin mayında aktyor 18 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.