Britaniyalı aktyor Robert Pattinson yeni Ceyms Bond filmində baş rola çəkilmək üçün keçirilən kastinqdə iştirakına görə bir milyon dollar qonorar alıb.
Oxu.Az "The Daily Mail" qəzetinə istinadən xəbər verir ki, nəşrin hesablamalarına görə, aktyor "Amazon MGM Studios" kinostudiyası ilə imzaladığı üçillik müqavilə çərçivəsində Bond obrazını canlandırmaq üçün ümumilikdə 76-98 milyon dollar qazana bilər.
Bildirilir ki, prodüserlər əvvəlcə bu rol üçün daha az tanınan aktyorları nəzərdən keçirsələr də, Pattinsona yüksək qonorar ödəmək ehtimalından çəkinməyiblər.
Qəzetin məlumatına görə, aktyorun seçilməsində "Amazon" şirkətinin rəhbəri Ceff Bezosun həyat yoldaşı Loren Sançes həlledici rol oynayıb. O, Pattinsonun kastinq sınaqlarının videoçəkilişinə baxdıqdan sonra aktyorun ifasına heyran qalıb.
Pattinsonun franşizanın yeni filmində 007 agentini canlandıracağı noyabrın 16-da məlum olub. Final kastinq sınaqları oktyabrın sonunda keçirilib. 40 yaşlı Robert Pattinson Ceyms Bond obrazını rəsmi film seriyasında canlandıracaq yeddinci aktyor olacaq.