Turanə Hüseynli yazır...
Həqiqətləri öyrəndikdən sonra bu günə qədər hiss etdiyin sevgi duyğusunda sarsılmaz qalmaq təsəvvür edilə bilməyəcək dərəcədə çətin bir məsələdir.
Qorxunuzunmu, yoxsa sevgininmi daha güclü olduğunu münasibətin içində sınaqlardan keçərək kəşf edirsən. Biz çox vaxt sevdiyimiz insanı bütün gerçəkliyi ilə qəbul etdiyimizi düşünürük. Onun keçmişini, zəifliklərini, yaralarını, səhvlərini… Hətta münasibətlərin əvvəlində bir-birimizə "mənə hər şeyi danışa bilərsən" deyirik. Amma doğrudanmı hər şeyi eşitməyə hazırıq? Bəzi həqiqətləri sevmək, onları bilmədən sevməkdən daha çətindir.
"The Drama" məhz bu sualın içində başlayır.
"The Drama" norveçli rejissor və ssenari müəllifi Kristofer Borqlinin çəkdiyi 2026-cı il istehsalı romantik qara komediyadır. Filmin istehsalçısı və distribütoru "Moonlight", "Hereditary", "Midsommar", "Past Lives" və "Everything Everywhere All at Once" kimi fərqli kino dili ilə seçilən filmlərin arxasında dayanan "A24" studiyasıdır.
Filmin ssenarisini də Kristofer Borqli yazıb. O, bundan əvvəl "Sick of Myself" filmində insanların diqqət və rəhm qazanmaq naminə özlərini nə qədər çirkin vəziyyətə sala biləcəyini, Nikolas Keycin baş rolda olduğu "Dream Scenario"da isə şöhrətin, ictimai qınağın və "silmə mədəniyyətinin" (insanları cəmiyyətdən təcrid etmə meylinin) fərdi necə məhv etdiyini araşdırmışdı.
Borqlinin filmlərində qəhrəmanlar çox vaxt normal görünən həyatlarının ortasında özləri haqqında xoşagəlməz bir həqiqətlə qarşılaşırlar. "The Drama"da da rejissor yenə rahat görünən bir münasibətin üzərindəki örtüyü qaldırır. Amma bu dəfə onun qarşısında əvvəlki filmlərindən daha ağır bir mövzu var: Bir insanın ağlından keçən, lakin reallaşdırmadığı zorakılıq onun ömürlük kimliyini müəyyənləşdirə bilərmi?
Baş rollarda Zendayanın "Emma" roluna, Robert Pattinsonun isə "Çarli" obrazına həyat verdiyi filmdə eyni zamanda "Licorice Pizza"dan tanıdığımız Alana Haim "Reyçel", "Uncorked" və "Kinds of Kindness" filmlərində rol alan Mamudu Ati "Maykl" və Heyli Qeyts də yer alır.
Filmdə ilk baxışda romantik komediyanın tanış mənzərəsi var: Bir-birini sevən iki insan… Sadə, amma romantik tanışlıq və toy hazırlıqları…
İlk on dəqiqə ərzində biz "Çarli"nin ən yaxın dostu "Maykl" ilə birlikdə toy nitqini yazarkən "Emma" ilə ilk tanışlığını xatırlamasını izləyirik.
Onun sözlərinə görə, "Emma" ilə səs-küylü bir qəhvəxanada tanış olub. "Emma" kitab oxuyur, "Çarli" isə məkanın o biri başından onu izləyir. "Emma" masadan qalxıb gedən kimi "Çarli" cəld yaxınlaşır və onun oxuduğu kitabın şəklini çəkir. Maraqlı məqam budur ki, filmdə "Emma"nın oxuduğu "The Damage" adlı kitab və onun müəllifi Harper Ellison real deyil. Onlar xüsusi olaraq filmin dünyası üçün yaradılıb. Borqlinin həmin adı sonrakı layihəsi kimi də işarələməsi bu kitabı sadəcə bir səhnə vasitəsi olmaqdan çıxararaq, rejissorun qurduğu daha böyük yaradıcı dünyanın kiçik parçasına çevirib.
Qlobal şəbəkədə kitab haqqında qısa axtarış etdikdən sonra "Çarli" "Emma"ya yaxınlaşıb onu guya oxuduğunu deyir. "Çarli" yöndəmsiz və utancaqdır, xüsusilə də ilk anda "Emma"nın eşitməyən qulağına tərəf danışdığını başa düşmür. Buna baxmayaraq, "Emma" ondan xoşu gəldiyi üçün yarımçıq və uğursuz tanışlıq cəhdini yenidən sınaması üçün ona ikinci şans verir.
Və hər şey "sonsuza qədər xoşbəxt yaşadılar" cümləsinə doğru gedir. Ta ki toydan bir neçə gün əvvəl dostlarla keçirilən bir axşama kimi. Romantik filmlərdə hekayə adətən toy səhnəsi ilə bitirsə, "The Drama"da əsas hekayə toya qədər baş verir.
Dostların birlikdə keçirdiyi bir axşam "Reyçel" "Maykl"ı, "Çarli"ni və "Emma"nı həyatlarında etdikləri ən pis əməli etiraf etməyə sövq edir. Məsələn, "Maykl" etiraf edir ki, bir dəfə hücum edən itdən qorunmaq üçün həyat yoldaşını canlı sipər kimi istifadə edib. "Reyçel" uşaqlığında bir oğlanı dolaba kilidlədiyindən danışır. "Çarli" isə yeniyetmə yaşlarında şəbəkə üzərindən bir uşağa qarşı kütləvi psixoloji zorakılıq etdiyini güman edir. "Emma" isə bunların hamısından qat-qat dəhşətli bir şey etiraf edir. Onun etirafı qarşısında otaqda soyuq səssizlik hökm sürür. Otaqdakı kəskin mühakiməedici baxışların altında "Emma" sanki daha da kiçilir. O, özünü müdafiə etmək istəyir. Amma hansı cümlə belə bir etirafı izah edə bilər? Hansı söz "mən artıq həmin insan deyiləm" fikrini qarşı tərəfə sübut edə bilər? Ən vacibi isə, belə bir həqiqəti eşidən "Çarli" hələ də onunla evlənmək istəyirmi?
Film bütün suallara qapını açır, amma içəri tam girmir.
Hiss edilən odur ki, "The Drama" izləyicinin iki baş qəhrəmanla emosional bağ qurmasını istəyir. Onları bir çox romantik komediya filmlərində olduğu kimi bir-biri üçün yaradılmış mürəkkəb insanlar kimi təqdim etmək əvəzinə, onların düşdüyü vəziyyətdə mühakimə edib-etməmək ixtiyarını izləyicinin öhdəsinə buraxır.
Borqli "The Drama" filmini nə qədər çox fövqəlhəqiqi və Freydsayağı komediyaya çevirməyə cəhd göstərsə də, sonluq səhnəsini filmin gözlənilmədən ən zəif səhnəsi olaraq təqdim edib. "The Guardian" qəzeti filmi romantik komediya ilə psixoloji vahimə arasında dayanan cəsarətli, zövqsüz görünməkdən qorxmayan, amma ağıllı bir iş kimi qiymətləndirib.
"The Drama" yalnız ekranda deyil, film nümayişə çıxmazdan əvvəl də mübahisə yaratmışdı. Film təxminən 28 milyon dollarlıq büdcə ilə çəkilib və dünya üzrə 100 milyon dollarlıq gəlir həddini keçərək ticari uğura çevrilib. Bu nəticə həm Zendaya ilə Pattinsonun ulduz gücünü, həm də tamaşaçının haqqında mübahisə yaradacaq filmlərə marağını göstərir.