Fidyə proqramları üzrə ixtisaslaşan "The Gentlemen" haker qrupu "Nvidia" şirkətini qurbanlarının siyahısına əlavə edib.
Oxu.Az "Kommersant"a istinadən xəbər verir ki, kibercinayətkarlar şirkətin korporativ məlumatlarını oğurladıqlarını iddia edirlər.
"Nvidia" hələlik kiberhücuma məruz qaldığını rəsmi şəkildə təsdiqləməyib. Hadisə ilə bağlı hər hansı təfərrüat da açıqlanmayıb.
Haker qrupunun səhifəsində yalnız şirkət haqqında qısa məlumat, "Tox" messenceri vasitəsilə danışıqlar aparmaq üçün əlaqə vasitəsi və gerisayım taymeri yerləşdirilib. Oğurlandığı iddia edilən məlumatların 10 gündən sonra dərc olunacağı gözlənilir.
"The Gentlemen" ən fəal fidyə proqramı qruplarından biri hesab olunur. Qrupun hədəfinə 1 000-dən çox təşkilatın düşdüyü bildirilir.
"Cybernews" nəşrinin tədqiqatçısı Aras Nazarovas qeyd edib ki, qrup əvvəllər kiberhücumların miqyasını şişirdib və oğurlanmış məlumatlardan təkrar istifadə edib.
Onun sözlərinə görə, "Nvidia" ilə bağlı hadisədə, ehtimal ki, söhbət kiçikhəcmli məlumat sızmasından və ya səhvən şirkətə aid edilən məlumatlardan gedir.