"Nvidia" şirkətinin keçmiş rəhbəri Censen Huanqın çinli iş qadını Elis Huanqla restoranda şam yeməyi zamanı çəkilmiş fotosu Şanxaydakı restoranlardan birini gözlənilmədən məşhurlaşdırıb. İndi ziyarətçilər çay mənzərəli özəl zalı əvvəlcədən bron etmək, eyni yeməkləri sifariş vermək və fotonu məhz həmin bucaqdan çəkmək istəyirlər.
Oxu.Az Luxurylaunches.com saytına istinadən xəbər verir ki, söhbət Huanpu çayının sahilində yerləşən "Pujiang Huaiyan" restoranından gedir.
Huanqın Elis Huanqla fotosu sosial şəbəkələrdə yayıldıqdan sonra restoranın bütün yerləri bir neçə gün əvvəldən bron edilib. Hətta bəzi müştərilər cütlüyün oturduğu məhz həmin masanı sifariş etmək imkanı axtarmağa başlayıblar.
Çinin "WeChat" sosial şəbəkəsində "Censen Huanq kimi" adlı şam yeməyi dəvəti yayılıb. İstifadəçilərə restorana gedərək milyarderin fotosunu interyer, çəkiliş bucağı və menyu da daxil olmaqla, bütün detalları ilə təkrarlamaq təklif olunub.
Huaiyan mətbəxi üzrə ixtisaslaşan restoranda Siçuan üsulu ilə hazırlanan acılı toyuq da daxil olmaqla, müxtəlif yeməklər təqdim olunur. Bir nəfər üçün şam yeməyinin qiyməti təxminən 288-500 yuan (40-70 dollar) təşkil edir.
Maraqlıdır ki, həmin acılı toyuq yeməyi 2026-cı ilin yanvarında bu restoranda keçirilən "Nvidia" şirkətinin ənənəvi korporativ şam yeməyinin menyusunda da yer alıb. Həmin tədbirdə qonaqlara Yançjou üsulu ilə hazırlanmış duzlu qaz, duza qoyulmuş göyərti və bambuk zoğları ilə buxarda bişirilmiş sarı dəniz balığı, eləcə də qara trüfellə pörtlədilmiş donuz əti təqdim olunub.
İndi isə ziyarətçiləri restoranın yeməklərindən daha çox milyarderin həyatından bir anı təkrarlamaq imkanı maraqlandırır: eyni çay mənzərəsi, eyni masa və eyni yeməklər. Şam yeməyinə kiminlə gəlməyi isə hər kəs özü seçir.

Qeyd edək ki, Censen Huanqın şəxsi həyatı ətrafında müzakirələr 2026-cı ilin oktyabr ayının sonunda onun Sinqapurun "Megaspeed" texnologiya şirkətinin keçmiş rəhbəri Elis Huanqla yaxın münasibətləri barədə xəbərlərdən sonra başlayıb.
Noyabrın 8-də Huanq "Nvidia" əməkdaşlarına həyat yoldaşına xəyanət etdiyini etiraf edərək ailəsindən üzr istəyib. Noyabrın 12-də isə o, şirkətin rəhbəri vəzifəsindən ayrılıb.