2035-ci ilədək dünyada müsəlmanların sayının 2.57 milyarda, xristianların sayının isə 2.52 milyarda çatacağı proqnozlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin "Pew Research Center" analitik mərkəzinin proqnozunda bildirilir.
"Əsrlər boyu xristianlıq dünyada ardıcıllarının sayına görə ən böyük din olub. Lakin bu vəziyyət tezliklə dəyişə bilər. "Pew Research Center"in yeni proqnozuna əsasən, 2035-ci ilədək müsəlmanların sayı xristianların sayını ötəcək", - deyə tədqiqatçılar bildiriblər.
Mərkəzin mütəxəssisləri vurğulayıblar ki, mövcud tendensiyalar davam edərsə, 2070-ci ilədək dünyada müsəlmanların sayı 3.6 milyardı ötəcək, xristianların sayı isə üç milyarddan bir qədər az olacaq.
Mütəxəssislərin hesablamalarına görə, 2020-2070-ci illər ərzində dünya əhalisinin ümumi sayının 29% artacağı gözlənilir. Nəticədə müxtəlif dinlərin ardıcıllarının dünya əhalisindəki payı dəyişəcək.
Belə ki, 2070-ci ildə müsəlmanların dünya əhalisindəki payının 2020-ci ildəki 26%-dən 36%-ə yüksələcəyi proqnozlaşdırılır. Xristianların payının isə ciddi dəyişməyərək təxminən 29% səviyyəsində qalacağı gözlənilir.
Analitik mərkəzin məlumatına görə, hinduizm ardıcıllarının sayı mütləq ifadədə artsa da, onların dünya əhalisindəki payı azalacaq. Eyni tendensiyanın yəhudilik ardıcılları arasında da müşahidə olunacağı proqnozlaşdırılır.
Tədqiqatçılar bildiriblər ki, proqnozlar XXI əsrdə dünya əhalisinin artımının əsas hissəsinin Afrikanın payına düşəcəyi ehtimalı əsasında hazırlanıb.
