İngiltərəli keçmiş futbolçu və sahibkar Devid Bekhemin təsis etdiyi "DB Ventures" şirkəti Almaniyanın "Coty" kosmetika şirkətinə qarşı Nyu-York Ali Məhkəməsində iddia qaldırıb.
Oxu.Az "ABC News"a istinadən xəbər verir ki, iddiaçı lisenziya müqaviləsinin pozulmasına görə ən azı 41 milyon dollar təzminat tələb edir.
"Coty" şirkəti "David Beckham" brendi altında "Classic" və "Instinct" seriyaları, həmçinin "Intimately" və "Exquisite Leather" ətirləri də daxil olmaqla, müxtəlif parfümeriya məhsullarının istehsalı və distribusiyası ilə məşğuldur.
İddia ərizəsində bildirilir ki, Bekhemin adını daşıyan ətirlər və odekolonlar endirim mağazalarında, eləcə də yanacaqdoldurma məntəqələrində satışda aşkarlanıb. İddiaçı tərəfin fikrincə, bu, məhsulların aşağı qiymətlərlə satılmasına və "David Beckham" brendinin ucuz, endirimli məhsullarla əlaqələndirilməsinə səbəb olub.
"Coty" şirkəti isə bu ilin aprelində qaldırılmış iddianın rədd edilməsi üçün məhkəməyə müraciət edib. Şirkət Nyu-York məhkəmələrinin bu işə baxmaq səlahiyyətinin olmadığını iddia edir.
Bundan əlavə, "Coty" bildirir ki, "DB Ventures" məhkəmə iddiasından lisenziya müqaviləsinə vaxtından əvvəl xitam vermək və Bekhemin adı ilə bağlı müqavilələri başqa bir şirkətə - "Interparfums"a ötürmək məqsədilə istifadə edir.