O, elə bir məşqçi idi ki, komandasının oyunçularına bir baxışı ilə hər şeyi başa sala bilir, ulduz futbolçularla belə mübahisə etməkdən çəkinmir, məğlubiyyəti qəbul etmir və son dəqiqəyə qədər qələbəyə inanırdı. 26 il ərzində bir klubu dünya futbolunun zirvəsinə daşıdı. Ancaq bu uğurun arxasında yalnız kuboklar deyil, illərlə davam edən zəhmət, ailəsindən uzaq qaldığı günlər və ağır sınaqlar da dayanır.
Söhbət futbol tarixinin ən böyük məşqçilərindən biri, "Mançester Yunayted"in əfsanəvi çalışdırıcısı ser Aleks Ferqyusondan gedir.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə Qlazqonun fəhlə məhəlləsindən dünya futbolunun zirvəsinə yüksələn, bir klubun tarixini dəyişən və öz adı ilə bütöv bir dövrü xarakterizə edən Aleks Ferqyusonun həyat hekayəsindən bəhs edəcəyik.
Fəhlə ailəsindən futbol meydanlarına
Aleksandr Çepmen Ferqyuson 1941-ci il dekabrın 31-də Şotlandiyanın Qlazqo şəhərinin Qovan bölgəsində dünyaya gəlib. Bura gəmiqayırma zavodlarında çalışan fəhlələrin yaşadığı, zəhmətin və sərt həyat şərtlərinin insan xarakterini formalaşdırdığı bir məhəllə idi.
Atası Aleksandr gəmiqayırma sənayesində çalışırdı. Gənc Aleks də uşaqlıqdan əməyin nə demək olduğunu görərək böyüyürdü. O, məktəb illərində futbola böyük maraq göstərsə də, həyatını yalnız bu idman növünə bağlamaq asan deyildi. Hətta futbolçu olmağa çalışdığı dövrdə gəmiqayırma zavodunda şagird-fəhlə kimi də işləyirdi.
Ferqyuson peşəkar futbolçu karyerasına 1957-ci ildə "Kuins Park" klubunda başlayıb. Daha sonra "Sent-Conston", "Danfermlayn Atletik", "Reyncers", "Falkirk" və "Eyr Yunayted" komandalarında çıxış edib. Hücumçu kimi kifayət qədər məhsuldar olan şotlandiyalı "Danfermlayn"da keçirdiyi dövrdə xüsusilə fərqlənib.
Amma onun futbolçu karyerası məşqçilikdə qazandığı uğurlarla müqayisədə daha az diqqət çəkdi. Ferqyusonun əsl hekayəsi məşqçi kimi fəaliyyətə başladıqdan sonra yazılacaqdı.

İlk uğurlar və "Aberdin" möcüzəsi
1974-cü ildə məşqçilik fəaliyyətinə "İst Sterlinqşir" klubunda başlayan Ferqyuson qısa müddət sonra "Sent Mirren"ə keçdi. Burada komandanı aşağı liqadan Şotlandiya futbolunun yüksək səviyyəsinə daşıdı və özünü perspektivli mütəxəssis kimi tanıtdı.
1978-ci ildə isə onun karyerasında həlledici dönüş baş verdi. Ferqyuson "Aberdin"in baş məşqçisi təyin olundu.
Həmin vaxt Şotlandiya futbolunda "Seltik" və "Reyncers"in hökmranlığı hökm sürürdü. Digər klubların bu iki nəhənglə rəqabət aparması olduqca çətin idi. Ferqyuson isə bu ənənəni dəyişmək niyyətində idi.
O, komandada sərt intizam yaratdı, futbolçulardan maksimumu tələb etdi və "Aberdin"i tədricən ölkənin ən güclü kollektivlərindən birinə çevirdi. 1980-ci ildə komanda Şotlandiya çempionu oldu və Qlazqo nəhənglərinin uzun illər davam edən üstünlüyünə son qoydu.

Lakin Ferqyusonun "Aberdin"lə ən böyük uğuru hələ qarşıda idi
1983-cü ildə Şotlandiya klubu Avropa Kuboklar Kubokunun finalında Madrid "Real"ı ilə qarşılaşdı. Rəqibin heyətində Avropanın tanınmış ulduzları yer alırdı. Buna baxmayaraq, "Aberdin" əlavə vaxtda 2:1 hesablı qələbə qazanaraq tarix yazdı.
Bu, Ferqyusonun Avropa səviyyəsində ilk böyük zəfəri idi. Həmin il komanda UEFA Superkubokunu da qazandı. Beləliklə, o, böyük maliyyə imkanlarına malik olmayan bir klubla Avropanın ən güclülərindən birinə qalib gəlməyin mümkün olduğunu göstərdi.

"Mançester Yunayted"ə gəliş və səbr sınağı
6 noyabr 1986-cı ildə Aleks Ferqyuson "Mançester Yunayted"in baş məşqçisi təyin olundu. O, klubu qəbul edəndə vəziyyət heç də ürəkaçan deyildi. Komanda uzun müddət idi İngiltərə çempionluğuna həsrət qalmışdı və sabit nəticələr göstərə bilmirdi.
Ferqyusonun qarşısında böyük vəzifə dayanırdı: "Yunayted"i yenidən ölkənin ən güclü klubu etmək. Ancaq ilk illər gözlənildiyi kimi keçmədi. Komanda çempionatda çətinlik çəkir, nəticələr qeyri-sabit olurdu. Hətta onun vəzifəsindən ayrılacağı ilə bağlı müzakirələr də yaranmışdı.
1990-cı ildə İngiltərə Kubokunda qazanılan uğur Ferqyuson üçün dönüş nöqtəsinə çevrildi. "Mançester Yunayted" finalda "Kristal Pelas"ı təkrar oyunda məğlub edərək kuboku qazandı. Bu qələbə şotlandiyalı məşqçinin komandada qalmasına və quruculuq işini davam etdirməsinə imkan verdi.
Ferqyusonun əsas xüsusiyyəti məhz bu idi. O, qısamüddətli nəticələrə görə böyük planından əl çəkmirdi.

Gənclərə inam və "Class of '92"
Ferqyusonun uğur modelinin mühüm hissəsi akademiyadan yetişən futbolçulara güvənməsi idi. O, gənc oyunçulara şans verməkdən çəkinmirdi. Devid Bekhem, Rayan Giqqz, Pol Skoulz, Qari və Fil Nevill, Nikki Batt kimi futbolçuların əsas komandaya yüksəlməsi bu yanaşmanın nəticəsi oldu.
Sonradan "Class of '92" adlandırılan həmin nəsil "Mançester Yunayted" tarixində xüsusi yer tutdu.
Ferqyuson onların yalnız istedadına deyil, xarakterinə də diqqət yetirirdi. Gənc futbolçulara meydanda səhv etmək imkanı verir, amma intizam məsələsində güzəştə getmirdi.
Komandada qaydaları pozan və ya kollektivin maraqlarını arxa plana atan ulduz futbolçularla yollarını ayırmaqdan da çəkinmirdi. Onun üçün heç bir oyunçu klubdan böyük deyildi.

1999-cu il - bir gecədə tarixə düşən mövsüm
Aleks Ferqyusonun məşqçilik karyerasının ən parlaq səhifəsi 1998/1999 mövsümü oldu.
"Mançester Yunayted" İngiltərə Premyer Liqasını, ölkə kubokunu və UEFA Çempionlar Liqasını qazanaraq tarixi treblə imza atdı.
Çempionlar Liqasının "Barselona"da keçirilən finalında rəqib Münhen "Bavariya"sı idi. Almaniya təmsilçisi oyunun böyük hissəsində hesabda öndə olsa da, "Yunayted" təslim olmadı. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə əvvəl Teddi Şerinqem, sonra isə Ole-Qunnar Sulşer fərqləndi. İki qol və inanılmaz geridönüş "Mançester Yunayted"ə 2:1 hesablı qələbə qazandırdı.
Final fitindən sonra Ferqyusonun dilindən çıxan "Futbol, lənətə gəlmiş futbol!" ifadəsi isə futbol tarixinin ən yaddaqalan sitatlarından birinə çevrildi.
Həmin mövsümün sonunda o, kraliça II Elizabet tərəfindən cəngavər tituluna layiq görüldü. Bundan sonra adı ser Aleks Ferqyuson kimi çəkilməyə başladı.

Sərt xarakter, böyük ulduzlar və məşhur "fen"
Ferqyusonun uğurlarının arxasında yalnız taktika və futbol biliyi dayanmırdı. O, həm də futbolçular üzərində güclü psixoloji təsirə malik idi.
Məşqçinin oyunçulara qarşı sərt davranışı, xüsusilə məğlubiyyətlərdən sonra paltardəyişmə otağında yüksək səslə irad bildirməsi məşhur idi. Bu davranış sonradan "hairdryer treatment" - "fen effekti" adlandırıldı.
Onunla işləyən futbolçular Ferqyusonun qəzəbli anlarını yaxşı xatırlayırlar. Ancaq şotlandiyalı məşqçi yalnız sərtliyi ilə seçilmirdi. O, oyunçularının inkişafına, karyerasına və kollektivin maraqlarına xüsusi diqqət yetirirdi.
Bununla belə, böyük ulduzlarla münasibətləri hər zaman rahat olmayıb. Devid Bekhem, Roy Kin və Ruud van Nistelrooy kimi futbolçularla yaşanan fikir ayrılıqları onun güzəştə getməyən xarakterini göstərirdi. Ferqyuson üçün komandanın nizam-intizamı fərdi adlardan üstün idi.

Hər uğurun arxasında görünməyən fədakarlıq
Ferqyusonun həyat hekayəsinin az danışılan tərəflərindən biri ailəsinə ayırdığı vaxtla bağlıdır.
O, məşqçilik fəaliyyətinin böyük hissəsini futbola həsr edib. Oğlu Ceysonun hazırladığı sənədli filmdə də bu məqam xüsusi vurğulanır. Ferqyuson özü etiraf edirdi ki, məşqçilik ailə həyatından çox şey tələb edir. Həyat yoldaşı Keti isə illər ərzində bu ağır qrafikə və onun işinə uyğunlaşmalı olub.
Şotlandiyalı mütəxəssis həyat yoldaşının dəstəyinin onun karyerasında mühüm rol oynadığını dəfələrlə qeyd edib. Keti Ferqyuson 2023-cü ildə vəfat etdi. Bu itki onun həyatında ən ağır şəxsi sınaqlardan biri oldu.
2018-ci ildə isə Ferqyuson beyin qanaması keçirərək təcili əməliyyat olunmuşdu. Həmin vaxt onun sağ qalması və sonradan sağalması futbol ictimaiyyəti üçün böyük sevincə çevrildi.
Son mövsüm və əfsanəvi vida
Ferqyuson "Mançester Yunayted"lə 13 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Bundan başqa, iki dəfə Çempionlar Liqasını, beş dəfə İngiltərə Kubokunu və dörd dəfə Liqa Kubokunu qazanıb.
2012/2013 mövsümündə komanda ilə sonuncu dəfə İngiltərə çempionu oldu. 2013-cü il mayın 8-də isə mövsümün sonunda məşqçilikdən ayrılacağını açıqladı.
O, "Mançester Yunayted"ə 26 ildən çox rəhbərlik etmişdi. Bu müddətdə klub iki Çempionlar Liqası, 13 Premyer Liqa titulu və çoxsaylı kuboklar qazanmışdı.
Ferqyusonun son ev oyunu "Old Trafford"da "Suonsi Siti"yə qarşı oldu. Stadionda minlərlə azarkeş onu alqışlarla yola saldı. Son matçında isə "Vest Bromviç"lə 5:5 hesablı heç-heçə qeydə alındı.
Beləliklə, futbol tarixinin ən uzun və uğurlu məşqçilik dövrlərindən biri başa çatdı.
Ferqyusonsuz "Mançester Yunayted"
Aleks Ferqyusonun gedişindən sonra "Mançester Yunayted" onun qurduğu uğur ənənəsini davam etdirməkdə çətinlik çəkdi. Devid Moyesdən tutmuş Lui van Qala, Joze Mourinyo və digər mütəxəssislərə qədər bir çox məşqçi komandanı yenidən zirvəyə qaytarmağa çalışdı.
Lakin heç biri Ferqyuson dövrünün davamlı uğurunu təkrarlaya bilmədi. Bu da onun klub üçün nə qədər böyük fiqur olduğunu bir daha göstərdi. Ferqyuson sadəcə kubok qazanan məşqçi deyildi. O, komandanın düşüncə tərzini, xarakterini və futbol mədəniyyətini dəyişmişdi.
O, 2013-cü ildə məşqçilikdən getsə də, "Mançester Yunayted"in tarixindəki yeri dəyişməz olaraq qalır. 2023-cü ildə İngiltərə Premyer Liqasının Şöhrət zalına daxil edilən Ferqyuson Britaniya futbolunun ən titullu məşqçisi hesab olunur.
Qlazqonun fəhlə məhəlləsində böyüyən, bir vaxtlar gəmiqayırma zavodunda çalışan və futbolçu kimi böyük şöhrət qazanmayan Aleks Ferqyuson sonradan bütöv bir futbol imperiyasının memarına çevrildi.
