ABŞ xüsusi xidmət orqanlarında "Nvidia" şirkətinin keçmiş baş direktoru Censen Huanqla əlaqəsi olan qadının Çin kəşfiyyatına işləməsi barədə məlumat yoxdur.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Bu barədə eşitməmişəm. Adətən belə olur: Çindən ölkəyə gözəl bir qadın gələndə dərhal onun casus olduğunu deyirlər. Mən ümumiyyətlə, onun casus olduğuna əmin deyiləm", - deyə ABŞ lideri vurğulayıb.
Tramp qadının casusluq fəaliyyəti barədə ABŞ dövlət katibi Marko Rubio tərəfindən məlumatlandırıldığına dair mediada yayılan xəbərləri təkzib edib. Dövlət başçısı qadının Çin kəşfiyyatı ilə mümkün əlaqələrini araşdıracağını vəd edib.
Ötən həftə ABŞ-nin baş prokurorunun müavini Todd Blanş bildirib ki, Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FTB) Huanqla əlaqəsi olan qadını Çin kəşfiyyatına işləməkdə ittiham etməyib.
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə Censen Huanqın Amerikanın texnologiya nəhəngi "Nvidia" şirkətinin rəhbəri vəzifəsindən istefası ətrafında yaranmış qalmaqala toxuna biləcəyini də istisna etməyib.
"Mən bunu edə bilərəm", - deyə Tramp Filippinə və Çinə yola düşməzdən əvvəl jurnalistlərlə söhbətində bildirib.
Xatırladaq ki, noyabrın 12-də Huanq süni intellekt sahəsində dünyanın aparıcı mikrosxem istehsalçılarından biri olan "Nvidia" şirkətinin baş direktoru və prezidenti vəzifələrindən istefa verib, həmçinin şirkətin Direktorlar Şurasını tərk edib.
Noyabrın 8-də isə "Nvidia"nın Direktorlar Şurası Huanqla bağlı araşdırmaya başlanıldığını açıqlayıb. O, Çinin xeyrinə casusluqda şübhəli bilinən qadınla romantik münasibətdə olduğunu etiraf edib.
Çin Xarici İşlər Nazirliyi həmin qadının Çin kəşfiyyatına işləməsi ilə bağlı iddiaları böhtan adlandırıb.