Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətli ilə bağlı yeni detallar məlum olub.
Oxu.Az Real TV-yə istinadla xəbər verir ki, hadisə ilə bağlı mərhumun və onu öldürməkdə şübhəli bilinən ögey qardaşı Ayxan Mehdiyevin qonşuları danışıblar.
Onların açıqlamaları cinayətlə bağlı bəzi yeni məqamları üzə çıxarıb.
Qonşuların iddialarına görə, A.Mehdiyev cinayəti törətməzdən bir neçə gün əvvəl qətli planlaşdırıb. Həmçinin onunla bacısı arasında daha əvvəldən də qısqanclıq zəminində problemlərin olduğu bildirilir.
Hadisə baş verən zaman valideynlər evdə olmayıblar. Bacısının mənzildə tək olduğunu bilən Ayxan ona hücum etdikdən sonra öz otağına keçərək qapını bağlayıb. Məlumata görə, ağır yaralanan Gülarə təxminən iki saat otaqda köməksiz vəziyyətdə qalıb.
Bir müddət sonra evə gələn ata qızını qan içində yerdə uzanmış vəziyyətdə görüb və dərhal xəstəxanaya çatdırıb. Lakin çox qan itirən 23 yaşlı Gülarənin həyatını xilas etmək mümkün olmayıb.