Estoniya parlamenti hökumətə Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamağı təklif edən qanun layihəsini ilk oxunuşda təsdiqləyib.
Oxu.Az ERR dövlət teleradio şirkətinə istinadən xəbər verir ki, sənəddə hökumətə Rusiya ilə sərhəddə yerləşən bütün keçid məntəqələrinin bağlanması təklif olunur.
Səsvermədə iştirak edən 39 deputatdan 37-si təşəbbüsün lehinə, ikisi isə əleyhinə səs verib. Daha 36 deputat səsvermədə iştirak etməyib.
Ötən ilin yaz və payız aylarında da parlamentə oxşar qanun layihələri təqdim edilsə də, onlar qəbul olunmayıb.
Qeyd edək ki, noyabrın 15-də Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna dekabrın 1-dən etibarən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edildiyini bildirib.