İspaniya polisi 1979-cu ildə oğurlanmış XIII əsrə aid Məryəm Ana heykəlini aşkar edib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.
Araşdırma 2026-cı il aprelin ortalarında Navarradakı San-Pedro-de-Meos kilsəsindən heykəlin oğurlanması ilə bağlı yeni məlumatların ortaya çıxmasından sonra başlayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, həmin dövrdə İspaniyanın kənd yerlərindəki çoxsaylı kilsələr zəngin mədəni irsə malik olmaları və təhlükəsizlik tədbirlərinin yetərsizliyi səbəbindən oğurluq dalğasına məruz qalıb.

Oğurluqda İspaniyadakı kilsələrdən dini əşyaları talayaraq satış üçün Avropanın digər ölkələrinə aparmaqda ixtisaslaşmış, "Belçikalı Erik" ləqəbli sənət əsərləri oğrusu şübhəli bilinib.
Yeni araşdırma zamanı polis heykəlin 2020-ci ildə Niderlandda keçirilən böyük incəsənət sərgisində nümayiş etdirildiyini müəyyən edib. Daha sonra heykəl müxtəlif antikvar satıcıları və kolleksiyaçılar arasında əl dəyişdirərək Böyük Britaniyada şəxsi kolleksiyaya daxil olub.
Təxminən 55 santimetr hündürlüyündə olan qoz ağacından hazırlanmış heykəldə oturmuş Məryəm Ana təsvir edilib. Əsərin üzərində ilkin qızıl suyunun və polixrom boyanın qalıqları qorunub saxlanılıb.