"Sürücülər üçün sadəcə ehtiyatlı sürmək kifayət deyil, həm də nəqliyyat vasitəsini idarə etməyin incəliklərini bilmək və onları təcrübədə tətbiq etməyi bacarmaq vacibdir".
Oxu.Az xəbər verir ki, bunu RT-yə rusiyalı avtomobil eksperti Dmitri Popov deyib.
Onun sözlərinə görə, islaq yollarda avtomobilin əyləc məsafəsi iki dəfə artır. Belə ki, standart şəraitdə 60 km/saat sürətlə bu məsafə 17 metr təşkil edirsə, islaq yolda bu, təxminən 30-35 metrə çatacaq.
Eyni zamanda, mütəxəssis hesab edir ki, şipli təkərlər olmadan buzlu yolda əyləc yolu 150-200 metrə qədər uzana bilər. Ekspert təkərlərin boşa fırlanması məsələsini xatırladıb: bu zaman avtomobil üzərində nəzarət itirilir və burada sürüşməyə qarşı sistem köməyə çatır. Digər bir təhlükəli vəziyyət isə arxa oxun sürüşməsidir.
"Önötürücülü avtomobillərdə sükanı sürüşmə istiqamətində döndərərək mühərrikin dövriyyəsini bir qədər artırmaq lazımdır, arxaötürücülülərdə isə əksinə, qaz pedalı buraxılmalıdır", - deyə o qeyd edib.
Popov ön oxun yanlara doğru sürüşməsini xüsusi olaraq vurğulayıb:
"Təkərin hərəkətini tutmaq və idarəetməni bərpa etmək üçün sükanı döngənin mərkəzinə deyil, əksinə, mərkəzdən kənara doğru fırlatmaq lazımdır", - deyə mütəxəssis izah edib.
O, havalar soyuduqdan sonra əvvəlcədən boş meydançalarda məşq etməyi məsləhət görüb.
Popovun sözlərinə görə, qış aylarında yollarda sürət həddinə və ara məsafəsinə mütləq əməl edilməli, qəfil sürətlənmə, sərt tormozlama və sükanın kəskin hərəkətlərindən qaçınmaq lazımdır.