"Avtomobili qış mövsümündə uzun müddət istifadəsiz saxlamaq üçün ən uyğun yer quru qaraj və ya havalandırması olan qapalı dayanacaqdır".
Oxu.Az xəbər verir ki, bu barədə Avto.ru xidmətinin mütəxəssisləri "Bortjurnal" istifadəçilərinin təcrübəsini təhlil etdikdən sonra RT-yə bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, avtomobilin saxlanıldığı yerdə əsas məsələ istilik deyil, temperaturun sabit olmasıdır. Temperaturun kəskin dəyişməsi zamanı avtomobilin metal səthində kondensat yaranır. Boya örtüyü zədələnmiş hissələrdə isə bu, paslanmaya səbəb ola bilər.
Qaraj olmadıqda avtomobili düz səthdə, açıq havada saxlamaq və nəfəsalan pambıq örtüklə örtmək mümkündür. Polietilen və brezent örtüklər isə məsləhət görülmür. Çünki onlar nəmi saxlayaraq korroziyanın yaranmasına şərait yaradır.
Avtomobili uzunmüddətli dayanacağa qoymazdan əvvəl onun texniki cəhətdən tam saz vəziyyətdə olduğuna əmin olmaq lazımdır. Bunun üçün mühərrik yağını dəyişmək, avtomobilin alt hissəsini yoxlamaq, şüşəyuyan sisteminə donmayan maye tökmək və yanacaq çənini tam doldurmaq tövsiyə olunur. Sonuncu tədbir çənin daxili divarlarında kondensatın yaranmasının qarşısını almağa kömək edir.
Mütəxəssislər avtomobilin yuyulmasını hazırlıq prosesinin son mərhələsinə saxlamağı məsləhət görürlər. Kuzov yol reagentlərindən təmizlənməli və əlavə qoruyucu qat yaradan polirolla örtülməlidir.
Avtomobili qaraja və ya dayanacağa öz hərəkəti ilə aparmaq tövsiyə olunur. Bu zaman əyləc qəlibləri və disklər quruyur, onların bir-birinə yapışaraq paslanması riski azalır.
Eyni səbəbdən əl əyləcini çəkmək məsləhət görülmür. Avtomobili mexaniki sürətlər qutusunda ötürmədə, avtomatik sürətlər qutusunda isə "Parkinq" rejimində saxlamaq daha məqsədəuyğundur.