Pentaqon ABŞ senatorlarına İranla münaqişənin gedişi barədə məlumatlara çıxış imkanı verməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı rəsmilərə və ABŞ-nin hərb naziri Pit Heqsetin xidməti qeydinə əsaslanaraq məlumat yayıb.
Jurnalın məlumatına görə, oktyabr ayında demokrat senator Kris Mörfi Fars körfəzi regionunda olarkən ABŞ-nin Qətərdəki "Əl-Udeyd" aviabazasına baş çəkmək və İranın zərbələri nəticəsində obyektə dəymiş zərəri qiymətləndirmək üçün brifinq keçirmək istəyib. Lakin Pentaqon onun müraciətini rədd edib.
Nəşrin mənbələrinin bildirdiyinə görə, təxminən həmin vaxt respublikaçı senator Coni Ernst də regiona səfər edib, lakin ABŞ Hərb Nazirliyi onun da aviabazaya baş çəkməsinə icazə verməyib.
Məqalədə qeyd olunur ki, Pentaqon "əməliyyat təhlükəsizliyi"ni əsas gətirərək İranla münaqişə barədə daha ətraflı məlumat almaq istəyən KİV-in sorğularını da dəfələrlə rədd edib.