ABŞ-nin Minnesota ştatında 37 yaşlı keçmiş peşəkar hokkeyçi Niko Saketti həyatını itirib.
Oxu.Az "CBS News"a istinadən xəbər verir ki, idmançı yol-nəqliyyat hadisəsindən sonra polis tərəfindən saxlanılarkən şerif müavininin açdığı atəş nəticəsində ölümcül yaralanıb.
Hadisə Hibbinq şəhərində baş verib. Sent-Luis dairəsinin Şerif İdarəsinin məlumatına görə, Saketti yol-nəqliyyat hadisəsinin iştirakçısı olub və hadisə yerindən qaçıb.
Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onun avtomobilini aşkar ediblər. Polis əməkdaşları ilə söhbət zamanı Saketti avtomobildən uzunlüləli tüfəng çıxarıb. Bundan sonra şerif müavini ona atəş açıb.
Yaralı hokkeyçi Hibbinq şəhərindəki xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Saketti 2007-ci ildə Milli Hokkey Liqasının (NHL) draftının ikinci raundunda "Dallas Stars" klubu tərəfindən seçilib. Lakin o, NHL-də heç vaxt meydana çıxmayıb.
Hücumçu 2014/2015 mövsümündə Rusiyanın Ali Hokkey Liqasında (VHL) çıxış edən Tümenin "Rubin" klubunun heyətində doqquz oyun keçirib.