ABŞ-nin Kaliforniya ştatında 14 nəfər hərəkətdə olan yük qatarlarından ümumilikdə 22 milyon dollardan çox dəyərində mal oğurlamaqda ittiham olunub.
Oxu.Az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, onlar azı 36 yük qatarına basqın edərək oğurladıqları malları, o cümlədən "Nike" idman ayaqqabılarını qara bazarda satıblar.
Məlumata görə, 2024-2026-cı illərdə fəaliyyət göstərən "Los Trenes" ("Qatarlar") adlı cinayətkar qrupun rəhbəri 21 yaşlı Neytan Deniel Encel olub.
İttiham aktına əsasən, Encelin atası və iki əmisi də daxil olmaqla, dəstə üzvləri hərəkətdə olan yük qatarlarına gizlicə daxil olublar. Qrupun bəzi üzvləri ətrafı müşahidə edib, digərləri isə qatarın hava şlanqını kəsiblər. Hava təzyiqinin kəskin azalması nəticəsində qatar məcburi şəkildə dayanıb. Daha sonra "Los Trenes" dəstəsinin digər üzvləri oğurlanmış malları götürüb Cənubi Kaliforniyanın müxtəlif ərazilərindəki evlərdə gizlədiblər.
Onlar əlbir olaraq cinayət törətməkdə təqsirli bilinərsə, azı beş il müddətinə həbs oluna bilərlər. Dəmir yolu əmlakının oğurlanmasına görə isə 10 ilədək həbs cəzası nəzərdə tutulur.