Mümkün kadr dəyişikliyi ilə bağlı yayılan xəbərlərə baxmayaraq, Pit Heqset Donald Trampın prezidentlik müddətinin sonunadək ABŞ-nin müdafiə naziri vəzifəsini icra edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Hərb Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi Şon Parnell "Fox News" telekanalına müsahibəsində bildirib.
"Heqset Prezident Trampın səlahiyyət müddəti başa çatana qədər yüz faiz nazirliyə rəhbərlik edəcək", - deyə o, qeyd edib.
"Nazir Heqset geri çəkilməyəcək. O, partiyalararası rəqabətdə xal qazanmaq istəyən və ya heç bir qanun pozuntusunun olmadığı halda saxta araşdırmalara cəhd edən siyasətçilərin onu qorxutmasına imkan verməyəcək", - Ş.Parnell vurğulayıb.
"Hərb Nazirliyi qanunlara tam uyğun şəkildə fəaliyyət göstərir. Nazirimiz bundan sonra da hər gün konstitusiyanın müdafiəsi və dəstəklənməsi, ordumuza rəhbərlik etmək və ölkəmizi qorumaq üçün mübarizəsini davam etdirəcək. Demokratların qondarma "cadugər ovu" təşkil etmək təhdidlərinə baxmayaraq, biz nazirlik daxilində Prezident Trampın siyasətini həyata keçirməkdə davam edəcəyik", - deyə Pentaqon rəsmisi əlavə edib.
Bir müddət əvvəl D.Tramp Pentaqon rəhbəri Pit Heqsetin fəaliyyətindən razı qaldığını və onun istefaya göndərilməsi məsələsini nəzərdən keçimədiyini, onun işinin öhdəsindən mükəmməl gəldiyini açıqlamışdı.
Qeyd edək ki, ötən gün "CBS News" telekanalı ABŞ Konqresinə keçirilən aralıq seçkisində demokratların qələbəsindən sonra Trampın müşavirləri ilə Heqsetin gələcəyini müzakirə etdiyi barədə məlumat yayıb.