"Yeni konstitusiya layihəsinin ortaya çıxması Vətəndaş Sazişi Partiyasının üzvləri üçün belə gözlənilməz olub, baxmayaraq ki, dərc edilməzdən əvvəl sənədin hakim partiyada müzakirə ediləcəyi deyilmişdi".
Oxu.Az xəbər verir ki, bunu Ermənistanın "Hraparak" nəşri sözügedən partiyadakı mənbələrinə istinadən yazıb.
"Hakim partiyada konstitusiya hüququ üzrə mütəxəssislərin rəylərini izləyir və bu qədər savadsız mətnin necə tərtib oluna biləcəyinə heyrətlənirlər. Bundan əlavə, mənbəmiz hesab edir ki, yeni konstitusiyada o qədər çox qüsur var ki, onu lazımi vəziyyətə gətirmək üçün ən azı bir il vaxt tələb olunacaq", - deyə qəzet yazıb.
Əlavə edilib ki, sənəd heç konstitusiya islahatları komissiyasına da təqdim olunmayıb. Xəbərdə bildirilir ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan onun istefasını tələb edən müxalif qüvvələrinə sadə bir razılaşma təklif etmişdi. Onun sözlərinə görə, bunun üçün müxalifətin yeni konstitusiya layihəsi üzrə referendumun keçirilməsinə razılıq verməsi kifayətdir. Əks halda, hökumət başçısı növbədənkənar seçki variantının olacağını və həmin səsvermənin nəticələrinə əsasən, hazırkı iki müxalifət qüvvəsindən heç birinin parlamentə düşə bilməyəcəyini vurğulayıb.
Qeyd olunur ki, Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirilməsini sülh müqaviləsinin imzalanması üçün əsas şərt kimi irəli sürür. Konstitusiya dəyişiklikləri və ya referenduma başlamaq üçün hakim qüvvə parlamentdəki səslərin üçdəikisini toplamalıdır. 2026-cı il seçkisinin nəticələrinə görə 49.81% səs toplayan hakim partiya tələb olunan konstitusiya səs çoxluğunu əldə edə bilməyib.