Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən irəli sürülən yeni konstitusiya layihəsi ölkə üzrə hakimiyyətə sadiq olmayan hakimlərin vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutur.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, yeni konstitusiya layihəsi çərçivəsində hakimlər xüsusi attestasiyadan keçəcəklər.
Qiymətləndirməni aparacaq beş nəfərlik komissiyanın üzvlərindən ikisini prezident, ikisini ombudsman, birini isə hökumət təklif edəcək.
Xatırladaq ki, ilk iki şəxs hakim Vətəndaş Sazişi Partiyasının namizədləri olub. Hakimlərin yenidən qiymətləndirilməsi prosesi konstitusiya qüvvəyə mindikdən sonra beş il ərzində baş tutmalıdır. Bu müddət indiki parlamentin səlahiyyət dövrü ilə tam üst-üstə düşür. Ermənistanda məhkəmə sisteminin hakimiyyətə qarşı qeyri-loyal münasibəti hələ Paşinyanın baş nazirlik dövrünün ilk dönəmindən hiss olunmağa başlayıb. Xüsusilə, bu tendensiya bütün ermənilərin katolikosu II Qareginin məhkəməsi fonunda qabarıq şəkildə özünü göstərmişdi. Belə ki, üç hakim onun işinə baxmaqdan qəti şəkildə imtina etmişdi.