Rusiyalı UFC döyüşçüsü Ömər Nurməhəmmədov Əbu-Dabidəki insidentlə əlaqədar həbsdən azad olunduqdan sonra sosial şəbəkədə ilk paylaşımını edib.
Oxu.Az xəbər verir ki, 30 yaşlı idmançı paylaşımında çətinliklərdən bəhs edib.
"Hər bir insanın həyat yolunda çətinliklər olur. Bizi yalnız onların öhdəsindən necə gəlməyimiz müəyyən edir", - deyə Nurməhəmmədov yazıb.
Qeyd edək ki, noyabrın 11-də Əbu-Dabidə RAF turniri ərəfəsində hoteldə UFC-nin keçmiş çempionu, gürcüstanlı Merab Dvalişvili və güləşçi Saba Lizvaşvili ilə Nurməhəmmədov qardaşları və onların komanda yoldaşları arasında kütləvi dava baş verib.
İnsidentdən sonra iştirakçılar saxlanılıblar. Daha sonra Ömər Nurməhəmmədovun altı ay müddətinə azadlıqdan məhrum edildiyi və 300 min dirhəm (təxminən 140 min manat) cərimələndiyi bildirilib. Noyabrın 17-də isə saxlanılan şəxslərin azadlığa buraxıldığı məlum olub.