UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədov Osman və Ömər Nurməhəmmədovların Əbu-Dabidə həbsdən azad edilməsi ilə bağlı yayılan məlumatlar fonunda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) çəkilmiş kadrlarda görünüb.
Oxu.Az xəbər verir ki, sözügedən görüntüləri döyüşçü Sayqid İzaqaxmayev özünün sosial şəbəkə hesabının hekayə bölməsində paylaşıb.
Kadrlarda "Mercedes-Benz Gelandewagen" markalı avtomobili idarə edən Həbibin gülümsəyərək şəhadət barmağını yuxarı qaldırdığı əks olunub.

Bir gün əvvəl ortaya çıxan bəzi mənbələrin məlumatına görə, Həbib Nurməhəmmədovun Osman, Ömər Nurməhəmmədovlar və komandanın digər üzvlərinin sərbəst buraxılması üçün razılıq əldə etdiyi iddia olunur. Bildirilib ki, sabiq UFC çempionu ərəb şeyxləri ilə şəxsən danışıqlar aparıb. Lakin hazırkı məqamda bu məlumatın rəsmi təsdiqi yoxdur.
Döyüşçülərin sərbəst buraxılması barədə Merab Dvalişvili də məlumat verib. Bununla belə, baş verən hadisənin təfərrüatı və saxlanılan şəxslərin hər birinin hazırkı statusu barədə məlumatlar hələlik naməlum olaraq qalır.