UFC-nin sabiq çempionu, gürcü döyüşçü Merab Dvalişvili rusiyalı idmançı Usman Nurməhəmmədovu Əbu-Dabidə ona hücum etməkdə ittiham edib.
Oxu.Az xəbər verir ki, Dvalişvili bu barədə "Instagram" hesabında paylaşım edib.
"RAF üçün hotelin foyesində müsahibə verirdim. Bu zaman Usman və dostları arxadan yaxınlaşaraq məni və dostumu döyməyə başladılar. Mühafizəçilər məni saxlayırdılar, onlar isə biz yerdə olarkən bizi təpikləməyə davam edirdilər", - deyə o yazıb.
Gürcü döyüşçü üzünün qan içində olduğunu göstərən videonu da paylaşıb.
"Siz hiyləgər insanlarsınız. Bu, necə xarakterə malik olduğunuzu göstərir. Siz əsl kişi deyilsiniz. Nə məsələdir? Döyüşmək istəyirsinizsə, gəlin döyüşək. Axı biz döyüşçüyük. Mən açıq danışıram, sözümü birbaşa deyirəm. Siz isə arxadan hücum edirsiniz. Orada neçə nəfər olduğunuzu belə bilmirəm. Sizin bütün dostlarınız hiyləgər insanlardır", - deyə Dvalişvili bildirib.
Döyüşçü özünü yaxşı hiss etdiyini də qeyd edib.
TASS-ın məlumatına görə, Usman Nurməhəmmədov və Merab Dvalişvili arasında baş verən davanın bütün iştirakçıları Əbu-Dabidə saxlanılıblar.
"Davanın iştirakçıları hadisənin hallarının araşdırılması və dindirilmək üçün saxlanılıblar", - deyə agentliyin mənbəsi bildirib.
Xatırladaq ki, Merab Dvalişvili UFC-nin keçmiş çempionudur. O, 2024-cü ildə çempionluq kəmərini qazanıb və üç dəfə titulunu qoruyub. Lakin 2025-ci ilin dekabrında kəməri rusiyalı Petr Yana uduzub. Dvalişvilinin MMA-da 21 qələbəsi və altı məğlubiyyəti var.
Usman Nurməhəmmədov UFC-nin sabiq yüngül çəki çempionu Həbib Nurməhəmmədovun əmisi oğludur. Onun MMA-da 22 qələbəsi var və hələ məğlub olmayıb. Bir döyüşü isə baş tutmamış hesab edilib.