O, qəfəsə çıxanda sanki başqa insana çevrilir. Rəqibinin zərbələrindən yayınmaq əvəzinə, bəzən onları qəbul edərək cavab verməyi seçir. Qanlı döyüşlər, nokautlar və sona qədər davam edən mübarizə... Lakin qarşılaşma bitən kimi aqressiv idmançının yerini sakit, təvazökar və rəqiblərinə hörmətlə yanaşan bir insan tutur.
Söhbət qarışıq döyüş növlərinin (MMA) tanınmış simalarından, "The Highlight" ("Şounun ulduzu") ləqəbli amerikalı Castin Qeycidən gedir.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə 38 yaşı tamam olacaq UFC döyüşçüsünün həyat hekayəsindən bəhs edəcəyik.
Mis mədənlərinin kölgəsində böyüyən uşaq
Castin Rey Qeyci 1988-ci il noyabrın 14-də ABŞ-nin Arizona ştatında anadan olub. O, meksikalı və alman kökləri olan ailədə böyüyüb. Ailəsinin həyatında zəhmət və fiziki əmək xüsusi yer tutub. Atası və babaları Morensi şəhərindəki mis mədənlərində çalışıblar.
Qeyci də bir müddət ailə ənənəsini davam etdirərək mədəndə işləyib. Lakin onun gələcəyi başqa sahə ilə bağlı idi. Hələ dörd yaşından güləşlə məşğul olan Castin idmana böyük maraq göstərirdi. Əkiz qardaşı Markusla rəqabət isə onun xarakterinin formalaşmasında mühüm rol oynayırdı.
Qeyci məktəb illərində də güləşdə fərqlənirdi. Safford liseyində 191 qələbə qazanıb, cəmi 9 dəfə məğlub olub və iki dəfə Arizona ştatının çempionu olub. Daha sonra Şimali Kolorado Universitetində təhsilini davam etdirib.
2010-cu ildə NCAA-nın birinci divizion üzrə çempionatında yeddinci yeri tutaraq "All-American" statusu qazanıb. Bu nəticə universitetin güləş tarixində də xüsusi əhəmiyyət daşıyırdı.

Güləş döşəyindən qəfəsə
Maraqlıdır ki, Qeyci uşaqlıqdan MMA döyüşçüsü olmağı planlaşdırmayıb. O, universitet illərinə qədər küçə davasında belə iştirak etmədiyini söyləyib. Onun əsas idman növü güləş olub.
Universitetdə oxuduğu dövrdə MMA ilə daha yaxından tanış olub. Güləş bacarıqlarını digər döyüş texnikaları ilə birləşdirmək fikri onu bu idman növünə gətirib. Həvəskar səviyyədə keçirdiyi yeddi döyüşün hamısında qalib gəlib.
2011-ci ildə peşəkar karyerasına başlayan Qeyci ilk illərdə rəqiblərinə ciddi müqavimət göstərib. O, "World Series of Fighting" təşkilatında yüngül çəki üzrə çempion olub və titulunu beş dəfə qoruyub.
Onun döyüş üslubu artıq diqqət çəkirdi: daim hücum etmək, rəqibi təzyiq altında saxlamaq və qarşılaşmanı mümkün qədər maraqlı etmək. Məhz bu xüsusiyyətlərinə görə ona "The Highlight" - "Şounun ulduzu" ləqəbi verilib.

UFC-də ilk sınaqlar və ağır məğlubiyyətlər
2017-ci ildə Qeyci UFC-də debüt edib. İlk qarşılaşmasında Maykl Consonu ikinci raundda texniki nokautla məğlub edib. Bu döyüş onun yeni təşkilatdakı iddiasını ortaya qoyub.
Lakin UFC-də yolu heç də həmişə qələbələrlə davam etməyib. Eddi Alvares və Dastin Puarye ilə ardıcıl qarşılaşmalarda məğlub olub. Hər iki döyüşdə rəqibləri onu nokautla dayandırıblar.
Bu məğlubiyyətlər onun döyüş tərzində dəyişiklik etməsinə səbəb olub. Qeyci məşqçisi Trevor Vitmanın rəhbərliyi altında daha planlı döyüşməyi öyrənməyə çalışıb. Bununla belə, aqressiv üslubundan tamamilə imtina etməyib.
2018-ci ildə Ceyms Viki, 2019-cu ildə isə Edson Barboza və Donald Serroneni nokaut edib. Xüsusilə Barboza ilə qarşılaşmada ilk raundda qazandığı qələbə onun ən yaddaqalan çıxışlarından biri olub.

Toni Ferqyuson üzərində qələbə və Həbiblə qarşılaşma
Qeycinin karyerasında ən mühüm mərhələlərdən biri 2020-ci ildə yaşanıb. Həmin ilin mayında UFC 249 turnirində Toni Ferqyusonla üz-üzə gəlib.
Ferqyuson uzunmüddətli qələbə seriyasına malik idi və qarşılaşmanın favoritlərindən sayılırdı. Lakin Qeyci beş raund davam edən döyüşdə rəqibinə üstün gəlib. Hakimin müdaxiləsindən sonra texniki nokautla qalib elan olunub və müvəqqəti UFC yüngül çəki çempionu titulunu qazanıb.
Bu qələbə ona Həbib Nurməhəmmədovla döyüşmək imkanı yaradıb. Oktyabrda baş tutan qarşılaşmada Qeyci rusiyalı idmançıya ciddi müqavimət göstərməyə çalışsa da, ikinci raundda boğucu fəndlə məğlub olub.
Döyüşdən sonra Həbib atasının vəfatından sonra karyerasını bitirdiyini açıqlayıb. Qeyci isə onunla qəfəsdə qarşılaşmaqdan qürur duyduğunu bildirib. Bu döyüş onun karyerasında titul uğrunda ən böyük sınaqlardan biri kimi yadda qalıb.
"BMF" kəməri və son saniyədə gələn nokaut
Qeyci sonrakı illərdə də UFC-nin ən maraqlı döyüşçülərindən biri olaraq qalıb. Maykl Çendler üzərində qələbə qazanıb, Çarlz Oliveyraya məğlub olub, daha sonra Rafael Fizievə qalib gəlib.
2023-cü ildə Dastin Puarye ilə ikinci dəfə qarşılaşıb. Bu dəfə Qeyci rəqibini ikinci raundda baş zərbəsi ilə nokauta salaraq "BMF" titulunu qazanıb. Bu qələbə onun karyerasının ən parlaq anlarından biri olub.
Lakin 2024-cü ildə Maks Holloueylə döyüşdə ağır məğlubiyyət yaşayıb. UFC 300 turnirində keçirilən qarşılaşmanın son saniyələrində Hollouey onu nokauta salaraq "BMF" kəmərini qazanıb.
Bu məğlubiyyət Qeycinin karyerasında yadda qalan ən dramatik anlardan biri olub. O, döyüşün sonuna qədər mübarizə aparsa da, rəqibinin son zərbəsindən yayına bilməyib.

Nəhayət, arzuladığı çempionluq
Qeyci 2026-cı ildə yenidən böyük uğura imza atıb. Yanvarda Peddi Pimblettlə qarşılaşaraq hakimlərin yekdil qərarı ilə qalib gəlib və müvəqqəti UFC yüngül çəki çempionu titulunu ikinci dəfə qazanıb.
İyunun 14-də isə İlya Topuriya ilə döyüşüb. Qeyci dördüncü raundun sonunda rəqibinin küncünün qarşılaşmanı dayandırmasından sonra texniki nokautla qalib elan olunub. Beləliklə, o, karyerasında ilk dəfə mütləq UFC yüngül çəki çempionu tituluna sahib çıxıb.
UFC-nin məlumatına görə, Qeycinin peşəkar MMA karyerasında 28 qələbəsi və 5 məğlubiyyəti var. O, qələbələrinin 21-ni nokautla qazanıb.

Qəfəsdən kənarda tamam başqa Castin
Qeycinin ən maraqlı xüsusiyyətlərindən biri döyüş zamanı nümayiş etdirdiyi obrazla gündəlik həyatı arasındakı fərqdir. Qəfəsdə rəqibinə qarşı amansız görünən idmançı qarşılaşmadan sonra ona hörmət göstərməyi bacarır.
2020-ci ildə Toni Ferqyuson üzərində qələbəsindən sonra rəqibini qucaqlayaraq ona "Səni sevirəm, qardaş" deməsi bunun nümunələrindən biridir. O, döyüşün şəxsi nifrətlə əlaqəli olmadığını dəfələrlə vurğulayıb.
"Sports Illustrated" nəşrinə müsahibəsində Qeyci qəfəsdəki aqressiv obrazı ilə gündəlik həyatı arasındakı fərqi belə ifadə edib: "Burada qatiləm. Amma qəfəsdən çıxan kimi məndə bunu görməyəcəksiniz".
O, valideynlərini qəhrəmanları hesab edir. Həmçinin gələcəkdə tanınmış idmançı kimi qazandığı nüfuzdan risk qrupuna daxil olan uşaqlara kömək etmək üçün istifadə etmək istədiyini bildirib.
Qeycinin böyüdüyü Safford şəhərində onun şərəfinə hündürlüyü 10 metrdən çox olan divar rəsmi də hazırlanıb. Bu, təkcə idman uğurlarının deyil, doğma icması ilə əlaqəsinin də göstəricisidir. Onu fərqləndirən yalnız qazandığı titullar deyil, hər döyüşdə tamaşaçılara unudulmaz anlar yaşatmaq bacarığıdır.