"Atletiko Madrid" klubunun argentinalı baş məşqçisi Dieqo Simeone futbol üzrə İspaniya çempionatında baş məşqçi kimi qazandığı qələbələrin sayına görə yeni rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bu tarixi nailiyyət XIII turun "Xetafe" ilə səfər matçının (3:0) nəticələrinə əsasən qeydə alınıb.
Həmin qələbə Simeone üçün turnirdə 345-ci olub. "Atletiko", "Barselona" və bir sıra digər İspaniya klublarının sabiq çalışdırıcısı Luis Araqonesin hesabında isə 344 qalibiyyət var.
Argentinalı mütəxəssis İspaniya çempionatında baş məşqçi qismində 567 matça çıxdığı halda, Araqones 756 belə oyun keçirib.
Qeyd edək ki, 56 yaşlı Simeone 2011-ci ildən "Atletiko"ya rəhbərlik edir. Onun baş məşqçiliyi altında klub iki dəfə İspaniya çempionu (2014, 2021) olub, ölkə kubokunu (2013) və Superkubokunu (2014) qazanıb. Bundan əlavə, Madrid təmsilçiləri sözügedən mütəxəssisin rəhbərliyi altında iki dəfə Avropa Liqasının (2012, 2018), həmçinin UEFA Superkubokunun (2012, 2018) qalibi olublar. Eləcə də Simeone ilə "Atletiko" iki dəfə Çempionlar Liqasının finalına qədər (2014, 2016) irəliləyə bilib.